Məhkəmə qərarları › İş №e-2(073)-947/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-947/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-947/2024 30.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli CL-EE000222303 nömrəli kredit müqaviləsinə əsasən 5297.40 manat əsas, 1356.45 manat faiz borcu olmaqla, cəmi 6653.65 (altı min altı yüz əlli üç manat səksən beş) manatın tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 86.54 (səksən altı manat əlli dörd qəpik) manat dövlət rüsumu və 0.40(qırx qəpik) manat bank xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000222303 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 17.9 faiz olmaqla hesablanmaqla 5800 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verimişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən yayınmış, nəticədə Cavabdeh kredit müqaviləsi üzrə 5297.40 manat əsas, 1366.45 manat faiz borcu olmaqla, cəmi 6653.85 manat borcu yaranmışdır. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdar edilmiş, lakin kredit borcunun ödənilməsi təmin edilməmişdir. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1 və 448.2-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə onun (cavabdehin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000222303 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 17.9 faiz olmaqla hesablanmaqla 5800 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verimişdir. Əvvəllər işlədiyi üçün ödənişlərini vaxtında etmiş, lakin sonra işdən çıxmış və borcunu ödəyə bilməmişdir. Hazırda yeni işə düzəlmişdir. Borcunu hissə-hissə ödəyəcək. İddianı etiraf edir və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000222303 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17.9 faiz olmaqla hesablanmaqla 5800 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verimişdir. İşdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL- EE000222303 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixədək hər ay 209.4 manat, sonuncu ay isə 209.07 manat ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı Banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 86.54 (səksən altı manat əlli dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5297.40 manat əsas, 1356.45 manat faiz borcu olmaqla, cəmi 6653.65 (altı min altı yüz əlli üç manat səksən beş) manat borc, 86.54 (səksən altı manat əlli dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulub "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar