Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1023/2023 26.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumunun əvəzi kimi 40 manat, hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qonşusudur və Şamaxı rayonunun Əngəxaran kəndində yaşayırlar. Belə ki, cavabdehlərdən Cavabdeh4 2021-ci ildə Şamaxı Rayon Məhkəməsində ona və qardaşı X4 qarşı iddia tələbi ilə çıxış edərək, əmlaka edilən qəsdlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-276/2021 saylı qətnaməsi qət etmiş və qətnamə ilə ona məxsus evin arxasında yerləşən 7 ədəd qoz ağacının çıxarılaraq, başqa yerə köçürülməsi, maddi və mənəvi zərər kimi 804 manat pulun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, xx.xx.2021ci il tarixdə icra üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası zamanı, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, 7 ədəd qoz ağacı çıxarılaraq, mütəxəssisin təyin etdiyi digər əraziyə köçürülmüşdür. Həmin 7 ağacın köçürülməsi zamanı, cavabdehin qərəzli tapşırığı nəticəsində, ona məxsus 3 ədəd qoz ağacına zərər yetirilmişdir. Belə ki, həmin ağaclardan birinin kötüyünə zəhərli maddə tökülmüş və ağac qurumağa başlayaraq, inkişafdan dayanmış və bar verməmişdir. Digər 2 ədəd qoz ağacı isə məhkəmə qətnaməsinə zidd olaraq, cavabdehlər tərəfindən qərəzli şəkildə kəsilmişdir. Beləliklə, ona 2000 manat maddi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdehlər X5 və X2 qarşı əmlaka edilən qəsdlərə cavabdehlər tərəfindən son qoyulmasına dair iddiası qismən təmin edilərək, cavabdehlər X5 və X3 tərəfindən əmlaka edilən qəsdlərə son qoyulması, onların həyətində iddiaçı Cavabdeh4 məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağaclarının çıxarılaraq, başqa yerə köçürülməsi, cavabdehlər X5 və X1 müştərək qaydada 804 manat maddi ziyanın əvəzinin alınaraq, iddiaçı Cavabdeh4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tərəflərin, o cümlədən borclu İddiaçı, hal şahidlərinin və mütəxəssisin iştirakı ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, "xxxx" MMC-nin nümayəndələri tərəfindən 7 ədəd qoz ağacı çıxarılaraq, mütəxəssisin müəyyən etdiyi digər əraziyə köçürülmüşdür. İcra zamanı hər hansı hadisə və ya insident baş verməmişdir. Tərəflərə hüquq və vəzifələri izah olunmuş, borcluya icra sənədində göstərilən tələbkarın əmlakına qəsd edilməsi ilə tələb izah olunaraq, məsuliyyət elan edilmiş, tərtib edilmiş akt ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, xx.xx.2023-cü il tarixdə baş tutmuş icra hərəkətləri zamanı, qoz ağacları çıxarılaraq, mütəxəssisin müəyyən etdiyi digər əraziyə köçürülmüş, icra zamanı hər hansı hadisə baş verməmiş və həmin zaman borclu İddiaçı heç bir etirazını bildirməyərək, tərtib edilmiş aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, 7 ədəd qoz ağacının köçürülməsi zamanı, ona məxsus 3 ədəd qoz ağacına zərər yetirildiyini, digər 2 ədəd qoz ağacının isə cavabdehlər tərəfindən kəsildiyini göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı iddianı qaldırarkən, konkret şəxsin mübahisəli hüquq münasibəti üzrə vəzifələr daşıdığını güman edir və onu cavabdeh kimi göstərir. İddia ərizəsindən görünür ki, cavabdeh kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göstərilsə də, konkret şəxsin mübahisəli hüquq münasibəti üzrə hansı vəzifələr daşıdığı məhkəmə üçün aydın deyildir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumunun əvəzi kimi 40 manat, hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun İddiaçı xeyrinə tutulması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumunun əvəzi kimi 40 manat, hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun İddiaçı xeyrinə tutulması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1023/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1023/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver