Məhkəmə qərarları › İş №e-2(074)-1133/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1133/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1133/2023 25.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1458,75 manat, faiz borc üzrə 26,89 manat olmaqla, cəmi 1485,64 manat pul vəsaitinin və ödənilmiş 34,95 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Şamaxı filialı ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli 29 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 illik 1.0% hesablanmaqla, 60 ay müddətinə qaytarılması şərti ilə Cavabdeh3 1673,62 manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən qalıq 1673,62 manat əsas borcun və ona hesablanmış faizləri qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq X2 ilə 13 yanvar 2020-ci il tarixli 29 saylı Zaminlik müqaviləsi bağlanmışdır. X2 Cavabdeh3 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq X1 ilə 13 yanvar 2020-ci il tarixli 29 saylı zaminlik müqaviləsi bağlanmışdır. X1 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 29 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən, 1673,62 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli, 29 və 29-1 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və X5 10 yanvar 2020-ci il tarixli 29 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh3 müqavilə üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 13 yanvar 2020-ci il tarixli, 29 nömrəli güzəştli kredit küqaviləsinə əsasən, əsas borc üzrə 1458,75 manat, faiz borc üzrə 26,89 manat olmaqla, cəmi 1485,64 manat borcu vardır. İş materiallarında olan pretenziya məktublarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3, X3 və Cavabdeh1 13 yanvar 2020-ci il tarixli, 29 nömrəli güzəştli kredit müqaviləsi üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 846.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 Güzəştli Kredit Müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Güzəştli Kredit Müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh3 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki 13 yanvar 2020-ci il tarixli 29 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi üzrə yaranmış 1458,75 manat əsas, 26,89 manat faiz olmaqla, cəmi 1485,64 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 34,95 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13 yanvar 2020-ci il tarixli, 29 nömrəli Güzəştli Kredit Müqaviləsi üzrə yaranmış 1458,75 manat əsas, 26,89 manat faiz borcu olmaqla, cəmi 1485,64 manat pul və dövlət rüsumunun əvəzi kimi 34,95 manat pul müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar