Məhkəmə qərarları › İş №e-2(074)-1137/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1137/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1137/2024 30.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 639 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 669 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, “**-FK- ***” dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 639 (altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası DİN BDYP YPXA-nın qərarında Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN BDYP YPXAnın "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh2 yol-nəqliyyat hadisənin baş verdiyi vaxt “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN BDYP YPXA-nın qərarında Cavabdeh1 İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, cavabdehlər bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, X3 ilə "xxxx" ASC arasında xx.xx.2018-ci ildə PAA********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X1 məxsus “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi xx.xx.2019-cu il tarixədək qüvvədədir. İş materiallarında olan DİN-in BDYP-nin YPXA-nın 3-cü tağımının İXP ******* nömrəli, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan DİN-in BDYP-nin YPXA-nın 3-cü tağımının TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan AD seriyalı, № 263402 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X7 tərəfindən “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobil barəsində sərəncam vermək hüququ da daxil olmaqla, bütün hərəkətləri etməyə Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan AD seriyalı, № ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X6 tərəfindən “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobil barəsində sərəncam vermək hüququ da daxil olmaqla, bütün hərəkətləri etməyə X5 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sığorta hadisələrinin tənzimləməsi departamentinin hesablamasından görünür ki, “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 639,00 manat təşkil edir. İş materiallarında olan sığorta aktlarının və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X5 “VAZ 21063” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 639,00 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 DİN-in BDYP-nin YPXA-da verdikləri izahatlarından, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə Bakı-Şamaxı yolunda Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 21063” markalı, “**-FK-***” dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə zərər dəymişdir. "xxxx" ASC tərəfindən “VAZ 21074” markalı, “**-SD-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 639 manat sığorta ödənişi edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları, Cavabdeh1 İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bununla da iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 639 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 639 (altı yüz otuz doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar