Məhkəmə qərarları › İş №e-2(074)-1200/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1200/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1200/2025 25.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Gözəlova Gülcənnət İlkin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2529 manat 45 qəpik və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq, İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Binə 6” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 4126 manat 40 qəpik olması məlum olmuşdur. Sözügedən inventarizasiya şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2529 manat 45 qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2529 manat 45 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, inventarizasiyası aparılmış kəsr verən məhsullar ona təhvil verilməmişdir. Təhvl-təslim hər-hansı yazılı aktın tərtib edilməsi ilə deyil, daxili sistem üzərindən məlumatların yerləşdirilməsi ilə həyata keçirilirdi. Sayımın nəticəsinə etiraz etmiş, həmin məhsulların ona təhvil verilməməsini bildirmiş və aktı imzalamamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 451/İQ saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 171 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 75-x saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, xitam verilmişdir. İş materiallarından görünür ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə “X2 haqqında” müqavilə bağlanmışdır. İş materiallarında olan Vəzifə təlimatının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh administrator vəzifəsinin vəzifə təlimatı ilə tanış olmuş və imzalamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1637 nömrəli əmrin surətindən görünür ki, inventarizasiya komissiyasının növbədənkənar yoxlamanın aparılması üçün iş qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İltizamnamənin surətindən görünür ki, Cavabdeh sayımda iştirak etdiyini təsdiq etmiş, yaranmış kəsr verən məhsullardan narazı olduğunu və həmin məhsulların qəbul olunmamasını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İnventarizsiya Siyahısının surətindən görünür ki, keçirilmiş inventarizasiya nəticəsində 4126 manat 40 qəpik məbləğində ziyan aşkar edilmiş, həmin siyahını komissiya üzvləri imzalamış, Cavabdeh imzalamamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İnventarizsiya nəticələrinə dair yekun aktın surətindən görünür ki, keçirilmiş inventarizasiya nəticəsində 4126 manat 40 qəpik məbləğində ziyan aşkar edilmiş, həmin siyahını komissiya üzvləri imzalamış, Cavabdeh imzalamamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 2-ci bəndinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İstinad olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, məhkəmə qeyd edir ki, iddiaçı müəssisə tərəfindən ziyanın vurulması aşkar edilsə də, cavabdehin əməlinin qanuna zidd olmasını və qanuna zidd əməl ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqəni təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin halları təsdiqləyən sübut kimi, inventarizasiya siyahısı və inventarizasiya nəticələrinə dair aktda göstərilən məhsulların cavabdehə təhvil verilməsini əks etdirən təhvil-təslim aktı və ya digər sənədləşdirmə forması çıxış edir. Eyni zamanda, qeyd edilməlidir ki, inventarizasiya siyahısı və inventarizasiya nəticələrinə dair aktda göstərilən məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən sübutların işə əlavə edilməsi maddi məsul şəxs kimi onun həmin məhsulları qorumalı olması ilə bağlı vəzifəsini icra etməməsini təsdiqləyərək, qanuna zidd əməl olaraq qiymətləndirilməsinə əsas kimi çıxış edə bilərdi. Həmin əməllə dəymiş ziyan arasında səbəbli əlaqə də formalaşmış sayılardı. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndində nəzərə tutulmuş hər üç şərt ödənilmiş və cavabdehin məsuliyyət daşımalı olması təsdiqini tapmış olardı. 01 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 məhkəmənin inventarizasiya siyahısı və inventarizasiya nəticələrinə dair aktında göstərilən məhsulların cavabdehə təhvil verilməsini təsdiqləyən sənədin iş materiallarına əlavə edilməməsi ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən zəruri hesab edilən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmənin hər hansı işçinin təhvil verilməyən məhsula görə məsuliyyət daşıyıbdaşımaması barədə sualına isə iddiaçının nümayəndəsi işçinin təhvil verilməyən məhsula görə məsuliyyət daşımadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci və 217-ci maddələrinin tələbləri və hüquqi nəticələri izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından aşkar edilməyən, kəsr verən məhsulların cavabdehə təhvil verildiyini və təhvil verilən məhsulların dəyərini iddiaçı sübut etməlidir. Lakin, aşkar edilməyən, kəsr verən məhsulların cavabdehə təhvil verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “X2 haqqında” müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır. Qeyd olunan müqavilənin tələblərindən çıxış edərək, belə nəticəyə gəlinir ki, cavabdehin iddiaçı qarşısında maddi məsul şəxs kimi məsuliyyət daşıması üçün iddiaçıya məxsus əmlaklar və digər maddi sərvətlər ona etibar edilməlidir. Qeyd olunan hərəkət (edibar edilmə) real və fiziki mövcud olan əmlak və digər maddi sərvətlərlə bağlı olduğundan etibar edilmə hərəkəti həmin əmlakların və ya digər maddi sərvətlərin real və fiziki olaraq təqdim edilməsi, yəni maddi məsul şəxsə təhvil verilməsi ilə ifadə olunmalıdır. İş materiallarına isə adları çəkilən məhsulların cavabdehə təhvil verilməsini əks etdirən sənədlər əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təhvil verilməmiş, yəni etibar edilməmiş əmlaka və digər maddi sərvətlərə görə işçi məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına və istinad olunan maddi və prosessual hüquq normalara əsaslanaraq, hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar