Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1242/2023 21.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4123.48 manat əsas, 702.24 manat faiz, 545.26 manat cərimə olmaqla, cəmi 5370.98 manat məbləğində borcun və 74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-cu il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya 36 ay müddətinə, illik 23% olmaqla, 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən, ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdirlər. Eyni zamanda, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı müraciətində, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla, 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 4123.48 manat əsas, 702.24 manat faiz, 545.26 manat cərimə olmaqla, cəmi 5370.98 manat borcu yaranmışdır. İş materiallarında olan kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, bağlanmış kredit müqaviləsi birtəfəli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla, 10000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliklərinə əməl olunmadığından, Cavabdeh İddiaçı ASC-yə 4123.48 manat əsas borcu, 702.24 manat faiz borcu, 545,26 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxlərin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 545,26 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 90 manat cərimə növündə dəbbə pulu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4123.48 manat əsas, 702.24 manat faiz, 90 manat cərimə olmaqla, cəmi 4915,72 manat məbləğində borc və 69,16 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4123.48 manat əsas, 702.24 manat faiz, 90 manat cərimə olmaqla, cəmi 4915,72 (dörd min doqquz yüz on beş manat yetmiş iki qəpik) manat məbləğində borc və 69,16 (altmış doqquz manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1242/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1242/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver