Məhkəmə qərarları › İş №e-2(074)-126/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-126/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-126/2024 12.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2533Y saylı kredit müqaviləsi üzrə 2205.65 manat əsas, 62.65 manat faiz, 0.04 manat cərimə borcu cəmi 2268.34 manat və iş üzrə ödənilmiş 43 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıaxrılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2533Y nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, 1667Y nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2210.29 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, Cavabdeh2 bankdan kredit götürərkən ona zamin durmuşdur. Lakin sonradan yadından çıxdığından müqaviləni imzalamadığını bildirmişdir. Bankın tələb etdiyi pulun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, bankdan kredit götürmüş lakin sonra maddi imkanı olmadığı üçün krediti ödəyə bilməmişdir. Bankın tələb etdiyi pulun hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, müki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2533Y saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsindən görünür ki, Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan xx.xx.2014-cü il tarixli, 1667Y nömrəli kredit müqaviləsi üzrə əsas borcu 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə borcalana vermiş, borcalan isə krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2533Y saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsini üzrə kredit borcunun təminatı olaraq Cavabdeh1 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il traixli **********499 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 2533Y saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 2205.65 manat əsas, 62.65 manat faiz, 0,04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2268.34 manat borcu vardır. İş materiallarında olan xəbardarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 4/608 saylı 13 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, mülki işin 67-ci vərəqində olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə “zamin” qrafasındakı imza və “Süleymanov” soyadı – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Keçirilmiş ekspertiza xərci 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan həmin kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2019-cu il tarixli 2533Y saylı kredit müqaviləsinə əsasən 2205.65 manat əsas, 62.65 manat faiz, 0,04 manat cərimə borcu olmaqla, cəmi 2268.34 manat pul tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, 43 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 2533Y saylı, kredit müqaviləsi üzrə yaranmış 2205.65 manat əsas, 62.65 manat faiz, 0,04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2268.34 manat pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat pul müştərək qaydada alınaraq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Cavabdeh1 və Cavabdeh2 120 manat məbləğində ekspertiza xərci müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar