Məhkəmə qərarları › İş №e-2(074)-133/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-133/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-133/2025 10.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 (on üç min iki yüz) manat pul vəsaitinin və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli sahənin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə görə illik icarə haqqı 1200 manat (min iki yüz) (vergilər xaric) müəyyən edilmişdir. Həmin vaxtdan, 21 yanvar 2010-cu il tarixdə, 02 dekabr 2010cu il tarixdə, 05 dekabr 2011-ci il tarixdə, 30 noyabr 2012-ci il, 17 dekabr 2013-cü il tarixdə, 24 noyabr 2014-cü il tarixdə, 27 noyabr 2015-ci il tarixdə, 01 dekabr 2016-cı il tarixdə, 12 dekabr 2017-ci il tarixdə, 26 noyabr 2018-ci il tarixdə və 17 oktyabr 2019-cu il tarixdə, hər il 1200 (min iki yüz) manat olmaqla, cəmi 13.200 manat (on üç min iki yüz) icarə haqqı ödənilmişdir. 07 iyun 2022-ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olduğunu bildirmiş və yuxarıda göstərilən mobil baza stansiyasının onun mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığını bildirmişdir. Buna görə də, mobil baza stansiyasının torpaq sahəsindən çıxarılması və stansiyanın torpaq sahəsində qaldığı müddət üçün kompensasiya qismində 10 noyabr 2009-cu il tarixdən iddianın verildiyi tarixə qədər gündəlik 20 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyası cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması və İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pul tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi 25 dekabr 2023cü il tarixdə icraya yönəldilmiş və tərəflərindən tam şəkildə icra edilmişdir. Göründüyü kimi, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edərək İddiaçı MMC ilə etibarsız müqavilə imzalamış və ona 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər icarə haqları ödənilmişdir. Halbuki, onun müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə ödənilmiş vəsaitdən də artıq bir məbləğdə pul vəsaitini torpaq sahəsinin əsl mülkiyyətçisi X4 ödəmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 (on üç min iki yüz) manat pul vəsaitinin, 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və iddiaçı gəlməməsinin səbəbi barədə məhkməyə məlumat verməsədə cavabdehin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsi bağlanıldıqdan sonra icarə haqqı cavabdehə tam şəkildə ödənilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, baza stansiyası qoyulan torpaq cavabdehə yox başqa şəxsə məxsus olmuşdur. Həmin şəxs Vidadi Kərimov məhkəmədə iddia qaldırmış və onun iddiası qismən təmin edilmiş və həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməməişdir. Həmin qətnamə iddiaçı tərəfindən tam icra edilmişdir. Onlar icra haqqını faktiki iki dəfə ödəmişlər. Cavabdeh başqa şəxsə məxsus torpaq sahəsini özününki kimi təqdim edib iddiaçı tərəfi aldatmaqla müqavilə bağlamışdır. Buna görə də hesab edir ki, cavabdeh əsassız varlanmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, torpağın icarəyə verilməsi ilə bağlı prosesin necə olmasını dəqiq bilmir. Yəqinki baza stansiyasının qoyulmasına uyğun olan torpaq sahəsinin sahibi bələdiyyədən soruşulur. İcarə müqaviləsi bağlanarkən onlara təqdim edilən torpağın sənədi üzrə yoxlama aparmalı deyillər. Cavabdehla olan icarə müqaviləsi qüvvədə olsada hesab edir ki, baş verənlərdən sonra baza stansiyasının cavabdehin torpağında quraşdırılmasına ehtyac yoxdur. Bildiyi qədəri ilə 2009-cu cavabdeh şifahi qaydada digər torpağı öz torpağı kimi göstərərək onlarla icarə müqaviləsi bağlamışdır. Cavabdeh öz torpağını göstərsəydi iddiaçı gələcəkdə problemlər yaranmaması üçün başqa torpada stansiya quraşdırmazdı. Cavabdeh tərəfin torpağın iddiaçıya təhvil verilməsinə dair heç bir sənəd onlarda yoxdur. İcarə müqaviləsi bağlanarkən cavabdeh torpaq aktını iddiaçıya təqdim etmişdir. Lakin onlar 100 kv.metr sahəni icarəyə götürdüklərindən və torpaq sahələri hasarlanmadığından Cavabdeh onlara təqdim etdiyi aktda torpaq sahəsi 1 hektar olduğu halda baza stansiyasının quraşdırıldığı torpaq sahəsinin daha böyük olmasını müəyyənləşdirə bilməzdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən icarə haqqı 13200 manat cavabdehə ödənilib. Eyni zamanda Reyestr Xidmətindən verilmiş cavabdan görünür ki, Cavabdeh və Vidadi Kərimovun torpaqları qonşu sahələr deyil hətta aralarından avtomobil yolu keçir. Şamaxı Dəmirçi yolunun sağında Babaya məxsus, sol tərəfində isə Vidadiyə məxsus torpaqlar yerləşir. Bundan başqa müqavilədə nəzərdə nəzərdə tutulub ki, cavabdeh nəqədər ölçüdə torpaq sahəsini icarəyə verir. Baba öz torpaq sahəsini iddiaçıya göstərib, müqavilə bağlanılıb və cavabdehə vaxtında icarə haqqı ödənilib. Bundan sonra Babanın həmin torpaq sahəsinə gedişi gəlişi olmayıb və bu ona heç lazımda deyildi. Əgər icarə haqqı ödənilməsəydi onda Baba iddiaçı ilə görüşərdi. Bu faktların yoxlanılması isə iddiaçının üzərinə düşür. Çünki baza stansiyasının qoyulması üçün torpaq sahəsini İddiaçı MMC həm Bələdiyyədən, Reyestr Xidmətindən dəqiqləşdiririb, cavabdehin yanına gəliblər ki, bizim antena quraşdırmaq istədiyimiz yer sənin torpağna düşür. Sonra Baba razılaşıb gedib öz torpaq sahəsini göstərib. Baba özünün olmayan torpaq sahəsini göstərməyib. Ancaq nə səbəbdən iddiaçı anten qurğunu həmin torpaqda deyil aparıb başqa torpaqda quraşdırdığını bilmir. Ehtimal edir ki, Vidadi adətən xaricdə olduğu üçün onu tapa bilməyib Baba ilə razılaşıb lakin özləri aparıb başqa torpaq sahəsində quraşdırıblar. Cavabdeh torpaq sahəsini icarəyə verib, müqavilə şərtlərini pozmayıb həmin vaxt torpaqdan istifadə etməyib, başqa şəxsə icarəyə verməyib. Əgər iddiaçı o torpaqdan istifadə etmirdisə gəlib cavabdehə bildirməli idilər. Cavabdeh torpaq sahəsini iddiaçıya icarəyə verib iddiaçı torpaqdan istifadə edib, istifadə etməyib bu iddiaçının işidir. Hesab edir ki, iddiaçı cavabdehin onlara göstərdiyi torpaqda deyil aparıb başqa torpaq sahəsində baza stansiyası qurması iddiaçının öz günahıdır. Cavabdeh icarə müqaviləsinə görə pul alıb. Verilmiş sualla cavab olaraq bildirdi ki, Cavabdeh Şamaxı şəhərində evi olub və şəhərdə yaşayıb və işləyib. Torpağı icarəyə verdikdən sonra həmin torpaqdan ümumiyyətlə istifadə etməyib. Cavabdeh bildirir ki, İddiaçıin nümayənələri özləri gəlib onu tapmışlar ki, sənin torpağında stansiya quraşdırmaq istəyirik. O, da razılaşmış və gedib öz torpaq sahəsini onlara göstərmişdir. Sonra müqavilə bağlamışlar, lakin bütün sənədlər iddiaçı tərəfdə qalmış ona heçnə verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X3 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyasının cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pulun tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdeh İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan “Sahənin icarəyə verilməsi haqqında” 10 noyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 m2 ərazini əhatə edən icarə müqaviləsi bağlanılmışdır. İcarə müddəti 10 il, illik icarə haqqı 1200 manat təşkil edir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 fevral 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan sahənin icarəyə verilməsi haqqında müqavilə üzrə icarə hüquqlarının dövlət qeydiyyatı barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin bazasında hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan JN-216, Kod 41010058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı şəhər sakini Cavabdeh Şamaxı Rayonu Avaxıl Bələdiyyəsinin 2002-ci il tarixli 09 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,00 ha tikinti məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan **********59 reyestr nömrəli 0,81 ha torpaq sahəsi ilə X3 mülkiyyətində olan **********38 reyestr nömrəli 8,6244 ha torpaq sahələri birbiri ilə qonşu deyil və aralarından Şamaxı-Dəmirçi yolu keçir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X8 İdarəsinin 16 may 2025-ci il tarixli məktubundan görünür ki, X8 İdarəsi radioelektron vasitələrinin (REV) quraşdırılmasına icazə vermir, müvafiq icazələr əsasında istismara verilmiş REV-lərin qeydiyyatını aparır. İddiaçı MMC-yə məxsus olan mobil baza stansiyasının qoyulmasına (quraşdırılmasına) icazənin verilməsinə əsas olmuş sənədlərin İddiaçı MMC tərəfindən təqdim edilməsi məqsədəuyğun hesab edilir. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli, 3-22-3-56/2-N-8-16-6/2025 saylı arayışın surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndi ərazisində mülkiyyətində və istifadəsində olan 0,81 ha torpaq sahəsinin əkilməsi barədə X7 İnformasiya Sistemində bəyan edilməmişdir. İddiaçı hazırda Cavabdeh icarə müqaviləsi bağlanarkən başqa torpaq sahəsini öz torpaq sahəsi kimi təqdim etməsini və nəticədə cavabdehin onları aldatmasına istinad edərək müqavilənin etibarsız hesab edilməsini və icarə haqqı kimi ödənilmiş pulların cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin İddiaçı MMC-yə başqa torpaq sahəsini öz torpaq sahəsi kimi təqdim etməsini iddiaçı sübut etməlidir. Lakin, İddiaçı MMC cavabdeh tərəfindən ona başqa torpaq sahəsinin təqdim edilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Hazırki mülki işdə cavabdehin iddiaçının hesabına əmlak əldə etdiyi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Lakin məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında sahənin icarəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilənin bağlanması və həmin müqavilə üzrə Cavabdeh 13200 manat məbləğində icarə haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasaən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.1-ci maddəsinə əsasən icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Mülki işin materiallarından görünür ki, tərəflər arasında sahənin icarəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 100 m2 hissəsini iddiaçıya icarəyə vermişdir. İddiaçının həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmək hüququ olduğu kimi torpaq sahəsindən istifadə etməmək hüququ da olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehin onun icarəsinə verdiyi torpaq sahəsindən istifadə etməməsi icarə müqaviləsi üzrə ödənilmiş icarə haqqının tələb edilməsi üçün əsas ola bilməz. Beləliklə qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 130 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 130 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar