Məhkəmə qərarları › İş №e-2(074)-1361/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1361/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1361/2024 05.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 432.28 manat olmaqla, cəmi 6760.40 (altı min yeddi yüz altmış manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş 87.61 manat məbləğində dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2046 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün, illik 26.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 353 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kreditalana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, eyni tarixli **********2046 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1ci maddəsinə əsasən, zamin kreditalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kreditalan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən, Cavabdeh2 əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 432.28 manat olmaqla, cəmi 6760.40 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kreditverən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra, kreditalan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kreditverən məhkəmə orqanlarına müraciət edəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı müraciətində, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 məhkəməyə təkrar olaraq ünvanladığı müraciətində, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının yenidən təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2046 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün, illik 26.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, eyni tarixli, **********2046 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində həmin kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MM QBKT-yə əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 432.28 manat olmaqla, cəmi 6760.40 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə, zamin olduğundan, həmin kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Bəkiroiv Hilal Məzahir oğlu kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Borcalan zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də, bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı, əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 432,28 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MM QBKT-nın xeyrinə əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 6478,12 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84,79 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MM QBKT-nın xeyrinə əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 6478,12 manat məbləğində borc və ödənilmiş 84,79 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar