Məhkəmə qərarları › İş №e-2(074)-1486/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1486/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1486/2024 16.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 930.00 manat əsas, 219.38 manat faiz, 139.50 manat cərimə və ödənilmiş 33.29 manat dövlət rüsumu olmaqla, cəmi 1322.17 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə, 930,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 541-ADM-1743-23 saylı Krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq, ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə, “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən, kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə, “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 930.00 manat, faiz borcu 219.38 manat, cərimə borcu 139.50 manat olmaqla, ümumi borcu 1288.88 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 930,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 541-ADM-1743-23 saylı Krеdit müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə 930.00 manat əsas, 219.38 manat faiz və 139.50 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla, dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 139,50 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 139,50 manat yox, 40 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 930 (doqquz yüz otuz) manat əsas, 219.38 (iki yüz on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 40 (qırx) manat cərimə olmaqla, cəmi 1189,38 (bir min bir yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat borc və ödənilmiş 31.90 (otuz bir manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 930 (doqquz yüz otuz) manat əsas, 219.38 (iki yüz on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 40 (qırx) manat cərimə olmaqla, cəmi 1189,38 (bir min bir yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat borc və ödənilmiş 31.90 (otuz bir manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar