Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1595/2025 23.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə 828,54 manat əsas borc, 6 manat faiz borcu, 142,34 manat cərimə borcu, cəmi 976,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı X1-Bank Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0822 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə illik 26 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Kredit məbləği kredit alana nağdsız qaydada, üzərində “fincard” qeyd edilmiş, kredit kartında təqdim edilirb. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zamilik müqavilələri ilə Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən, Cavabdeh1 əsas borc üzrə 828,54 manat əsas, 6 manat faiz borcu, 142,34 cərimə borcu, cəmi 976,88 manat borcu vardır. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubu göndərilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı X1-Bank Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0822 saylı kredit müqaviləsinə əsasən, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə illik 26 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5100 manat məbləğində krediti verməyi, Cavabdeh1 isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə İddiaçı X1-Bank Kredit Təşkilatına ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı X1-Bank Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər xx.xx.2023-cü il tarixli, **********0822 saylı kredit müqaviləsinə əsasən, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit kartının məxadil (qəbul) aktından görünür ki, xx.xx.2023-cü il tarixli, **********0822 saylı kredit müqaviləsi üzrə kredit məbləği nağdsız qaydada “Fincard” adı qeyd edilmiş, **********397725 saylı kredit kartında Cavabdeh1 təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına qeyd edilən kredit müqaviləsi üzrə 828 manat 54 qəpik əsas, 6 manat faiz, 142 manat 34 qəpik cərimə borcu olmaqla, cəmi 976 manat 88 qəpik borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli, 2025/999/ saylı xəbərdarlıq məktublarından görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən kredit borcunun ödənilməsi və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********82 nömrəli qəbzlə müəyyən olunur ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Poçt xidməti vasitəsilə cavabdehlərin ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada çatdırılmışdır. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 Fəhra qızına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf bu ünvanda yaşamır əsası ilə poçt əməkdaşı tərəfindən geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasının tələb edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı tərəfindən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə illik 26 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5100 manat kredit verilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini iki dəfədən artıq pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehə verdiyi kredit üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə 142 manat 34 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olmaqla, müqavilə üzrə tələb olunan faiz borcuna mütanasib deyildir. Odur ki, dəbbə pulu azaldılaraq, müvafiq olaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə 828 manat 54 qəpik əsas borc, 6 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 844 manat 54 qəpik pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 27 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə 828 manat 54 qəpik əsas borc, 6 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 844 manat 54 qəpik pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 27 manat pul tutularaq, İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1595/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1595/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver