Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1600/2025 23.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 799,28 manat əsas, 68,41 manat faiz, 44,94 manat cərimə borcu, 17.38 manat komissiya borcu olmaqla, cəmi 930,01 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə iddiaçı arasında “bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq” müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən cavabdehə istehlak yönümlü 800 manat məbləğində, 5 il müddətinə kredit kart limiti açılmışdır. Kart/əlavə kart sahibi həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərlətini pozaraq əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf etməklə əsas və faiz borcunu qəbul etdiyini, cərimə borcunu isə qəbul etmədiyini bildirdi. Əlavə olaraq faiz məbləğinin azaldılmasına köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq” müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə bank hesabı, debet kartı, kredit kartı, İnternet/Mobil Bankçılıq xidməti daxildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd olunan müqavilə üzrə 799 manat 28 qəpik əsas, 68 manat 41 qəpik faiz, 44 manat 94 qəpik cərimə borcu, 17 manat 38 qəpik komissiya borcu olmaqla, ümumilikdə 930 manat 01 qəpik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sms bildirişdən görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC tərəfindən banka olan borcun 5 iş günü müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********07 nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdeh iddianı (əsas və faiz borcunu) qismən etiraf etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən qəbul edilmişdir. Belə olan halda, iddia tələbinin əsas və faiz borcuna aid hissəsi mübahisəsiz hal, iddia tələbinin cərimə borcuna aid hissəsi isə mübahisəli hal kimi müəyyən edilir. Məhz bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin əsas və faiz borcuna aid hissəsinin xüsusi araşdırılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasının tələb edilməsi üçün əsasdır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə 5 il müddətinə 800 manat kredit limiti olan kredit kartı vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və komissiya borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və digər icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 44 manat 94 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 799 manat 28 qəpik əsas, 68 manat 41 qəpik faiz, 10 manat cərimə və 17 manat 38 qəpik komissiya borcu olmaqla, cəmi 895 manat 07 qəpik pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 799 manat 28 qəpik əsas, 68 manat 41 qəpik faiz, 10 manat cərimə və 17 manat 38 qəpik komissiya borcu olmaqla, cəmi 895 manat 07 qəpik pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 29 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1600/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1600/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver