Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1914/2025 27.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 5 182,44 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 175,88 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 0,84 manat məbləğində penya, cəmi 5 359,16 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 73,60 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh Bank qarşısında gecikdirilmiş borcu 5 358,32 manat təşkil edir. Bundan əlavə, Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 0,84 (səksən dörd qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərilərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən Cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixli ŞMX-XO15.7.2025-001 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edilir ki, xx.xx.2025-ci il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də, məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini əsas, faiz və penya pulu hissəsində qəbul edəyərək izahat verib bildirdi ki, o, həqiqətən də, bankdan kredit götürmüşdür. Kredit borcunu tam qaytara bilməmişdir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan maliyyə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə əsas borc 0,00 AZN, vaxtı keçmiş borc 5 182 manat 44 qəpik, hesablanmış adi faiz borcu 175 manat 88 qəpik, cərimə faizləri üzrə borc 84 qəpik olmaqla, cəmi 5 359 manat 16 qəpik borc məbləği yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ASC “Xalq” Bankı tərəfindən 73 manat 60 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.5.2-ci maddəsinə əsasən, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasının tələb edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq, Bank tərəfindən borc alana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə, 10 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinə əməl olunmadığından, xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli Kredit müqaviləsi üzrə yaranmış borcun məbləği 5 182 manat 44 qəpik məbləğində vaxtı keçmiş əsas, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 175 manat 88 qəpik məbləğində adi faizlər, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 84 qəpik məbləğində penya olmaqla, cəmi 5 359 manat 16 qəpik məbləğində təşkil edir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin yuxarıda istinad olunan maddələrinin göstərişinə əsaslanaraq, məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin və cərimənin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən yuxarıda istinad edilən müddəaların məzmunundan göründüyü kimi, tələbin əsaslandığı faktiki hallar ehtimallara deyil, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində həqiqətən də, əldə edəcəyi faydadan məhrum olması ilə bağlı konkret hallara əsaslanmalı, habelə iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə konkret sübutlar təqdim etməlidir ki, hazırkı işdə də buna təsadüf edilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 saylı kredit müqaviləsinə əsasən 5 182 manat 44 qəpik məbləğində əsas, 175 manat 88 qəpik məbləğində faiz, 84 qəpik məbləğində penya olmaqla, cəmi 5 359 manat 16 qəpik pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 73 manat 60 qəpik dövlət rüsumu da, cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ASC “Xalq” Bankın xeyrinə xx.xx.2023-cü il tarixli, DKM/018N05A02526523 nömrəli Kredit müqaviləsi üzrə 5 182 manat 44 qəpik məbləğində əsas, 175 manat 88 qəpik məbləğində faiz, 84 qəpik məbləğində penya olmaqla, cəmi 5 359 manat 16 qəpik pul və ödənilmiş 73 manat 60 qəpik dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1914/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1914/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver