Məhkəmə qərarları › İş №e-2(074)-228/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-228/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-228/2023 12.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6809,03 manat əsas, 70,95 manat faiz olmaqla, cəmi 6879,98 manat məbləğində borcun və ödənilmiş 90,17 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 108.LN.1676.261219.00003 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə, 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 6944.60 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən, Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün, Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 kredit verilərkən, Cavabdeh3 ilə Bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********179 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə kredit üzrə cəmi borcu 6879,98 manat təşkil edir. Bundan 6809,03 manat əsas, 70,95 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, kredit müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixədək, ona aylıq ödənişləri etməmək barədə güzəşt verildiyindən və eyni zamanda, bu güzəştdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin lisenziyası ləğv edildiyindən, kredit ödənişi etmək mümkün olmadığından, ona hər hansı cərimə və faiz hesablamamaqla, qanunla müəyyən edilmiş qaydada ödənişin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, hazırda hər ay 30 manat ödəniş etməyə maddi imkanının çatdığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda, iddiaçının nümayəndəsi X2 məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 108.LN.1676.261219.00003 nömrəli, xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə, 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 6944.60 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit almış Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zaminlər Cavabdeh2 və Cavabdeh3 öz üzərlərinə götürmüşdürlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 108LN**********00003 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6809,03 manat əsas və 70,95 manat faiz borcu yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5551/2023 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 108.LN.1676.261219.00003 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2022-ci il tarixə (maliyyə arayışı üzrə tarixə) ləğv prosesində olan İddiaçı ASC-yə 6834,56 manat əsas və 54,11 manat faiz borcu müəyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 108.LN.1676.261219.00003 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə, 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 6944.60 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən, Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə kredit üzrə cəmi borcu 6879,98 manat təşkil edir. Bundan 6809,03 manat əsas, 70,95 manat faiz borcu təşkil edir. Həmçinin, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 6834,56 manat, faiz borcu üzrə 54,11 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə ekspert tərəfindən aparılmış tədqiqatla kredit müqaviləsi üzrə müəyyən olunmuş əsas borc hissəsində rəyə tənqidi yanaşaraq, həmin hissədə ekspertin gəldiyi nəticəni qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2019-cu il tarixli, 108.LN.1676.261219.00003 nömrəli kredit müqaviləsinə əsasən, 6809,03 manat əsas və 54,11 manat faiz olmaqla, cəmi 6863,14 manat borc və ödənilmiş 88,63 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 108.LN.1676.261219.00003 nömrəli kredit müqaviləsinə əsasən, 6809,03 manat əsas və 54,11 manat faiz olmaqla, cəmi 6863,14 (altı min səkkiz yüz altmış üç manat on dörd qəpik) manat borc və ödənilmiş 88,63 (səksən səkkiz manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar