Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-228/2025 22.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 350 (üç yüz əlli) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhər sakini Cavabdeh 19 avqust 2024-cü il tarixdə Ağcabədi rayon, Hacıbədəlli kəndində yerləşən özünə məxsus əkin sahəsində ondan qiyməti 800 (səkkiz yüz) manat olmaqla 14 (on dörd) ton qarpız alıb. Ona pulun yarısını yəni 400 (dörd yüz) manatını ödəmiş geri qalanını isə malı satdıqdan sonra ödəyəcəyini deyib. Sonra isə, ona verdiyi puldan 70 (yetmiş) manat ona ehtiyacı olduğunu bildirərək alıb və ümumilikdə ona 470 (dörd yüz yetmiş) manat məbləğində borcu qalıb. Həmin 470 (dörd yüz yetmiş) manat borcun 120 (yüz iyirmi) manatını özü dediyinə görə qardaşı X1 ona geri qaytarıb və qalıq pulu da ona ödəyəcəyinə söz verib. Bunların doğruluğunu təsdiq edən səs yazısı olan CD-ni də idda ərizəsinə əlavə edir. O, gündən sonra ona 1 manat da olsun heç bir ödəniş olunmayıb. Cavabdehlə dəfələrlə əlaqə saxalasa da ona olan pul borcunu qaytarmayacağını bildirib. Ona borclu olduğu pulu asanlıqla ala bilməyəcəyini düşünür, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh ondan qarpız almış və borcunu tam qaytarmamışdır. Səs yazısını qeyd edib məhkəməyə təqdim etdiyi şəxs Cavabdeh qardaşıdır. Ramid onun zənglərinə cavab vermədiyindən onun qardaşı ilə danışmış və qardaşı Ramidin ona borcu olmasını etiraf etmişdir. Borcla bağlı Ramidlə danışmasına dair səs yazıları yoxdur. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Cavabdeh bu barədə məhkəməyə məlumat verməsələr də, İddiaçı teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan CD diskdəki audio yazılarda kim olması bilinməyən şəxs İddiaçı səbrli olmasını, Ramidin pulu alan kimi qaytaracağını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin ona 350 manat pulun borclu olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 350 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız kim olması bilinməyən şəxsin ona Ramidin borcu barədə göndərdiyi səs yazılarını məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında ona səs göndərən şəxsin cavabdehin qardaşı olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-228/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-228/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver