Məhkəmə qərarları › İş №e-2(074)-347/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-347/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-347/2021 25.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat dəyərində maddi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 16.11.2016-cı il tarixli 2(103)-195/2016 saylı icra vərəqəsinin icrası məqsədilə Qaradağ rayon icra şöbəsinin 13.09.2015-ci il tarixli 17/65-14235/8 saylı sifariş məktubu, eyni zamanda Sabunçu rayon icra və Probasiya şöbəsinin 29.03.2017-ci il tarixli, 3251-3460/13 saylı sifariş məktubuna əsasən, "xxxx" MMC-nin keçirdiyi 25.12.2017-ci il tarixli hərrac zamanı "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, həmin ünvanında yerləşən qeyriyaşayış binası və avadanlıqlar İddiaçı ASC tərəfindən satın alınmış, bu barədə 25.12.2017-ci il tarixli 83/01, 83/02 və 83/03 saylı hərracın yekunları barədə protokol və 25.12.2017-ci il tarixli Müqavilələr imzalanmışdır. Bununla yanaşı İddiaçı ASC-nin adına mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə ******* saylı 10.05.2018-ci il tarixli çıxarış və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına ******* saylı 27.04.2018-ci il tarixli Çıxarış verilmişdir. Cavabdeh 15.02.2020-ci il tarixdə İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan sement zavodunun ərazisində yerləşən işıqlandırma sistemləri üçün transformatorun daxilindəki qiymətli əlvan metallarını oğurlamağa cəhd etmiş, nəticədə banka 15.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi açılmış, lakin Cavabdeh əməlində qeyd olunan maddələrin tərkib hissəsi olmadığından, Qaradağ RPİ-nin 16 may 2020-ci il tarixli qərarına əsasən icraata xitam verilmiş, qərar Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri üzrə açılmış ********* saylı cinayət işi üzrə İddiaçı ASC zərərçəkmiş qismində cəlb olunmuşdur. Cavabdeh istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2,4-cü maddələri ilə təqsirli bilərək ifadəsində etdiyi cinayəti etiraf etmiş və törətdiyi əməl nəticəsində məsuliyyətə cəlb edilmişdir, buna görə də İddiaçı ASC-yə vurduğu ziyanın əvəzini ödəməlidir. İddiaçı ASC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli monitorinq və yenidən qiymətləndirmə hesabatından aydın olur ki, Cavabdeh qanunazidd əməli nəticəsində "Paşa Bank” ASC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında yerləşən zavodunun ərazisindəki transformatora ziyan dəymişdir. Eyni parametrlərlə transformatorun yenisinin dəyəri satış bazarında 15.000 (on beş min) manat təşkil edir. Bu istiqamətdə ixtisaslaşdırılmış satış nöqtələri və servislər araşdırılmış və müəyyən edilmişdir ki, transformatorun bərpasının dəyəri yenisinin alınması ilə eynilik təşkil edir. Beləliklə, törədilmiş cinayət əməli nəticəsində transformatorun bərpasının dəyəri yenisinin alınması ilə eynilik təşkil etdiyindən və yenisinin dəyəri isə satış bazarında 15.000 (on beş min) manat olduğundan, qeyd edilən məbləğ Cavabdeh tutularaq "Paşa Bank” ASC-yə ödənilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi ilə tanış olduğunu, iddia ərizəsində yazılanların dəqiq qeyd olunduğunu, İddiaçı ASC-yə olan 15000 manat borcunu ödəməkdən yayınmaığını, lakin hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, cəzasını çəkib azadlığa çıxdıqdan sonra borcunu hissə-hissə ödəyəciyini bildirmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək 25.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 0.02807 ha torpaq sahəsi, 10.05.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 0.1075 ha torpaq sahəsi, 27.04.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Qaradağ rayon prokurorunun 16 may 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 07.10.2020-ci il tarixli № PBCOS 1399 saylı xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nə vurduğu 15000 manat məbləğində ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda bununla bağlı məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir. İş materiallarında olan 25 dekabr 2017-ci il tarixli № 83/01 saylı “Hərracın yekunları barədə protokol”un və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu protokolla Bakı şəhəri, "xxxx" MMC-nin mülkiyyətində Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən kompleks kimi müəssisə İddiaçı ASC-nin adına yeni mükiyyətçi kimi rəsmiləşdirilmişdir. İş materiallarında olan 25 dekabr 2017-ci il tarixli № 83/02 saylı “Hərracın yekunları barədə protokol”un və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu protokolla Bakı şəhəri, "xxxx" MMC-nin mülkiyyətində Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının girov qoyulmuş avadanlıqları İddiaçı ASC-nin adına yeni mülkiyyətçi kimi rəsmiləşdirilmişdir. İş materiallarında olan 25 dekabr 2017-ci il tarixli № 83/03 saylı “Hərracın yekunları barədə protokol”un və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu protokolla Bakı şəhəri, "xxxx" MMC-nin mülkiyyətində Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin adına yeni mükiyyətçi kimi rəsmiləşdirilmişdir. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli “Monitorinq və yenidənurma hesabatı”nın surətindən görünür ki, 3-cü tərəflərin qanunazidd əməlləri nəticəsində transfarmatora ziyan dəymişdir. Aparılmış araşdırmaların nəticəsi olaraq qeyd etmək olar ki, eyni parametrlərlə transfarmatorun yenisinin dəyəri satış bazarında 15,000 AZN təşkil edir. Tərəfimizdən bu istiqamətdə ixtisaslaşmış satış nöqtələrində servislər də araşdırılmış və müəyyən edilmişdir ki, transfarmatorun bərpasının dəyəri yenisinin alınması ilə eynilik təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2021-ci il tarixli № 9/4033 saylı ekspert rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən, mərkəzdə olan məlumatlardan və iş materiallarında olan 08 yanvar 2021-ci il tarixli monitorinq və yenidən qiymətləndirmə hesabatından istifadə etməklə iddia ərizəsində göstərilən 1980-ci il istehsalı olan 22446 nömrəli TMZ 1000/10-75 UZ tipli transformatorun 2020-ci ilin yanvarfevral ayları üzrə işlək vəziyyətdə orta bazar qiymətinin 15,000 manat olması və bərpa dəyərinin yenisinin alınması ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur. Keçirilmiş ekspertizanın dəyəri 100 manat təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh 15.02.2020-ci il tarixdə İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan sement zavodunun ərazisində yerləşən işıqlandırma sistemləri üçün transformatorun daxilindəki qiymətli əlvan metallarını oğurlamağa cəhd etmiş, nəticədə banka maddi ziyan vurmuşdur. Banka vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə həmin transformatorun işlək vəziyyətdə orta bazar qiymətinin 15,000 manat olması və bərpa dəyərinin yenisinin alınması ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur. Bundan başqa cavabdeh özüdə məhkəməyə ünvanladığı ərizədə iddiaçıya 15000 manat məbləğində maddi ziyan vurduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində maddi ziyan vurması tam sübut olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunduğunu nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməli, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar