Məhkəmə qərarları › İş №e-2(074)-359/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-359/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-359/2024 08.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1126,12 manat, faiz borc üzrə 2,18 manat olmaqla, cəmi 1128,30 manat pul vəsaitinin və ödənilmiş 31,29 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin X2 14 iyul 2020-ci il tarixli qərarının və İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC-nin İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı QSC ilə Cavabdeh1 arasında 16 sentyabr 2020-ci il tarixli, 15 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 1295,08 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSCyə ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 16 sentyabr 2020-ci il tarixli, 15 saylı Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında 16 sentyabr 2020-ci il tarixli, 15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Əkbərova X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamini Cavabdeh2 dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 15 saylı kredit borcunun restrukturizasiya müqaviləsinə əsasən, Cavabdeh1 1295,08 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSCyə ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 15 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 16 sentyabr 2020-ci il tarixli, 15 saylı kredit borcunun restrukturizasiya müqaviləsi üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 16 sentyabr 2020-ci il tarixli, 15 nömrəli güzəştli kredit küqaviləsinə əsasən, əsas borc üzrə 1126,12 manat, faiz borc üzrə 2,18 manat olmaqla, cəmi 1128,30 manat borcu vardır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, 531 nömrəli pretenziya məktublarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 16 sentyabr 2020-ci il tarixli, 15 saylı kredit borcunun restrukturizasiya müqaviləsi üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Digər Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərf Cavabdeh1 çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 846.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit borcunun restrukturizasiya müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, 16 sentyabr 2020-ci il tarixli, 15 saylı kredit borcunun restrukturizasiya müqaviləsi üzrə yaranmış 1126,12 manat əsas, 2,18 manat faiz olmaqla, cəmi 1128,30 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 31,29 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 16 sentyabr 2020-ci il tarixli, 15 saylı kredit borcunun restrukturizasiya müqaviləsi üzrə yaranmış 1126,12 manat əsas, 2,18 manat faiz borcu olmaqla, cəmi 1128,30 manat pul və dövlət rüsumunun əvəzi kimi 31,29 manat pul müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar