Məhkəmə qərarları › İş №e-2(074)-364/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-364/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-364/2022 30.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.01.2022-ci il tarixinə yaranmış borcu 531 manat əsas, 79,6 manat cərimə, cəmi 610,6 manat, 11.06.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 780 manat əsas, 117 manat cərimə, cəmi 897 manat, ümumilikdə 1507,6 manat borcun və 35,10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "Samsung A525" markalı mobil telefonu görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 608 manat, 11.06.2021-ci il tarixil ********* saylı müddətli (nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A525 " markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə 75 manat olmaqla cəmi 897 manat, ümumilikdə iki müqavilə üzrə 1507 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilərin şərtlərini pozaraq, 16.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.11.2021-ci il tarixdə 10 manat və 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.11.2021-ci il tarixdə 40 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1311 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1966 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında alqısatqı müqaviləsi bağlanmış, müqavilənin predmeti kredit müqaviləsinə 1 saylı əlavədə təsbit olunmuşdur. Müqavilədə nəzərdə tutulmuşdur ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan 16.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 16.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin predmeti “Samsung A325 Light Violet” markalı telefondur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Samsung A325 Light Violet” markalı telefona görə 608 manat borcunu 12 ay müddətinə hər ay 51 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti kredit müqaviləsinə 1 saylı əlavədə təsbit olunmuşdur. Müqavilədə nəzərdə tutulmuşdur ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan 11.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 11.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin predmeti “Samsung A 525 Black” markalı telefondur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Samsung A 525 Black” markalı telefona görə 899 manat borcunu 12 ay müddətinə hər ay 75 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 16.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.01.2022-ci il tarixinə yaranmış borcu 531 manat əsas, 796 manat cərimə, cəmi 1327 manat, 11.06.2021-ci il tarixli ********* saylı niiddəffi (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 780 manat əsas, 1170 manat cərimə, cəmi 1950 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 16.05.2021-ci il tarixli və 11.06.2021-ci il tarixli müqavilələr üzrə İddiaçı MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda bununla bağlı məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 531 manat əsas, 79,6 manat cərimə, cəmi 610,6 manat, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 780 manat əsas, 117 manat cərimə, cəmi 897 manat, ümumilikdə 1507,6 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 35,10 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin olunsun. Cavabdeh 16.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 531 manat əsas, 79,6 manat cərimə, cəmi 610,6 manat, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 780 manat əsas, 117 manat cərimə, cəmi 897 manat, ümumilikdə 1507,6 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,10 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar