Məhkəmə qərarları › İş №e-2(074)-418/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-418/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-418/2025 07.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsi üzrə kreditə görə 13799,08 manat əsas, faiz borcuna görə 748,63 manat, dəbbə borcuna görə 2271,38 manat, cəmi 16819,09 manat pul və dövlət rüsumu kimi ödənilmiş 141 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsinə əsasən illik 14 % dərəcəsi olmaqla 36 ay müddətinə 25 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdehnın 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 13799,08 manat əsas, faiz borcuna görə 748,63 manat, dəbbə borcuna görə 2271,38 manat, borcun cəmi məbləği 16819,09 manat təşkil edir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14 % ödəmək şərtilə 25 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 13799,08 manat əsas, 748,63 manat faiz, 2271,38 manat cərimə olmaqla, cəmi 16819,09 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə mövcud olan 13799,08 manat əsas, 748,63 manat faiz, 2271,38 manat cərimə olmaqla, cəmi 16819,09 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2271,38 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13799,08 manat əsas, 748,63 manat faiz və 500 manat cərimə borcu olmaqla, ümumilikdə 15047,71 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 141 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2023-cü il tarixli, SMNPU-04951 saylı kredit müqaviləsi üzrə 13799,08 manat əsas, 748,63 manat faiz, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 15047,71 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 141 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar