Məhkəmə qərarları › İş №e-2(074)-422/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-422/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-422/2023 22.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredir borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4499,91 manat əsas, 1054,05 manat faiz, 30,99 manat cərimə borcu olmaqla, cəmi 5584,95 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 76.25 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8763sİSML/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank Borcalana illik 29 % olmaq şərtilə 60 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 1000 manat təyin edilir. Bank borcalana bank hesabı açır və ödəniş kartı təyin edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 6 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 25 %, maksimum 40 % təşkil edir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qayada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizəylə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, ondan tələb edilən borc məbləği ilə razıdır. Lakin hazırda kredit borcunu qaytarmaq üçün maddi imkanı yoxdur. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 8763sİSML/21 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh illik 29% olmaq şərtilə, xx.xx.2024-cü il tarixədək kredit ayırır. Kreditin ilkin limiti 1000 manat təyin edilir. Bank borcalana bank hesabı açır və ödəniş kartı təyin edir. Ödəniş kartının istifadə müddəti 60 aydır. İş materiallarında olan 07 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə xx.xx.2021-ci il 8763sİSML/21 saylı tarixli kredit müqaviləsi üzrə 4499,91 manat əsas, 1054,05 manat faiz, 30,99 manat cərimə, cəmi 5584,95 manat borcu vardır İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin və cərimə borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 8763sİSML/21 saylı kredit müqaviləsi üzrə 4499,91 manat əsas, 1054,05 manat faiz, 30,99 manat cərimə borcu olmaqla, cəmi 5584,95 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,25 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 8763sİSML/21 saylı kredit müqaviləsi üzrə yaranmış 4499,91 manat əsas, 1054,05 manat faiz və 30,99 manat cərimə borcu olmaqla, cəmi 5584,95 manat pul ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,25 manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar