Məhkəmə qərarları › İş №e-2(074)-460/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-460/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-460/2024 04.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 2182.73 manat məbləğində kredit borcu, 31.54 manat məbləğində faiz borcu, 721.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2935.87 manat məbləğində borcun və ödənilmiş 49.36 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-cü il tarixli, 036L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2620.01 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 437.28 manat ödəmiş, onun 2182.73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-cü il tarixli, 036L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materillarında olan xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2620.01 manat məbləğində kredit verilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 2182.73 manat əsas, 31.54 manat faiz, 721.60 manat cərimə borcu olmaqla, ümumilikdə 2935.87 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 məhkəmə bildirişlərini alsalar da, 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməmişlər. Həmçinin, məhkəmə bildirişi olan zərf Cavabdeh3 çatdırılması mümkün olmadığından, məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdeh X2 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 721.60 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 2182.73 manat əsas borc, 31.54 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2.264,27 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 42,64 manat dövlət rüsumunun əvəzi də, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 2182.73 manat əsas borc, 31.54 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2.264,27 (iki min iki yüz altmış dörd manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 42,64 (qırx iki manat altmış dörd qəpik) manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar