Məhkəmə qərarları › İş №e-2(074)-464/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-464/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-464/2022 27.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3978,73 manat - bundan 529,45 manat əsas, 818,89 manat faiz, 2555,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 manat faiz borcu və iş üzrə ödənilir, 59,79 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanımış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.03.2017-ci ıl tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 5227,09 manat təşkil etmiş, kreditin müddəti müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən ilə Bank arasında 11 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və cavabdehlər iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsi üzrə 15 mart 2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, tərəflər 15.03.2017-ci il tarixdə 11.06.2014-cü il tarixli 424/14 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər və kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 5227,09 manat təşkil etmiş, kreditin müddəti isə 11.03.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 11.06.2014-cü il tarixli ZM-424/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli 2- 1(103)3194/17 saylı qərarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan 11.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə 09.02.2022-ci il tarixə 529,45 manat əsas, 818,89 manat faiz, 2555,77 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz 74,62 ABŞ dolları faiz, cəmi 3978,73 manat borcu vardır. İş materiallarında olan bildiriş məktubunun surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2555,77 məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 529,45 manat əsas, 818,89 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 manat faiz, cəmi 1472,96 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 59,79 manat dövlət rüsumu da cavabdehlərdəndən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.06.2014-cü il tarixli 424/14 BK saylı kredit müqaviləsi üzrə yaranmış 529,45 manat əsas, 818,89 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,62 manat faiz, cəmi 1472,96 manat faiz manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59,79 manat pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar