Məhkəmə qərarları › İş №e-2(074)-49/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-49/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-49/2023 18.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 684,70 ABŞ dolları əsas, 152 ABŞ dolları faiz, 1495,93 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 93,78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2390,41 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 60,64 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlundan müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 32 % dərəcəsi ilə ödəmək şərtilə, 4070 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən, Cavabdeh2 İbrahimxəlil oğlu ilə Bank arasında 340008365/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4000,59 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-cı il tarixli 2 nömrəli əlavə sazişə əsasən, kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3613,58 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********7113 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2390,41 ABŞ dolları təşkil edir. Bundan 648,70 ABŞ dolları əsas, 152 ABŞ faiz, 1495,93 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 93,78 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, xx.xx.2015-ci il tarixdə İddiaçı ASCdən 24 ay müddətinə, illik 32 % dərəcəsi ilə 4070 ABŞ dolları kredit götürmüşdür. Lakin, kredit borcunu maddi imkanı ilə əlaqədar vaxtında ödəyə bilməmişdir. Hazırda kredit borcunun məbləğində ona güzəşt edilməsini xahiş edir. Digər Cavabdeh2 İbrahimxəlil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 İbrahimxəlil oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şamaxı filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 32 % dərəcəsi ilə ödəmək şərtilə, 4070 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 340008365/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASCdən kredit almış Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 İbrahimxəlil oğlu öz üzərinə götürmüşdür. İş materiallarında olan kredit və zaminlik müqavilələrinə əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4000,59 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. İş materiallarından görünür ki, kredit və zaminlik müqavilələri üzrə əlavə sazişə əsasən, xx.xx.2017-ci il tarixdə kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3613,58 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 684,70 ABŞ dolları əsas, 152 ABŞ dolları faiz, 1495,93 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 93,78 ABŞ dolları faiz olmaqla, cəmi 2390,41 ABŞ dolları borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğluna kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8350 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 794,15 ABŞ dolları əsas, 25,06 ABŞ dolları faiz, 88,33 ABŞ dolları illik 5 faizlə hesablanmaqla, cəmi 907,54 ABŞ dolları borcu müəyyən olunur. Cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, ekspertiza zamanı borcalana kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə borcalan bankdan 32 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4070 ABŞ dolları məbləğində kredit almışdır. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu olaraq zamin Cavabdeh2 İbrahimxəlil oğlu kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlu tərəfindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC qarşısında götürülmüş öhdəliklər icra olunmamış və nəticədə Cavabdeh1 xx.xx.2022ci il tarixə 684,70 ABŞ dolları əsas, 152 ABŞ dolları faiz, 1495,93 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, 93,78 ABŞ dolları faiz olmaqla, cəmi 2390,41 ABŞ dolları borcu hesablanmışdır. Həmçinin, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 794,15 ABŞ dolları əsas, 25,06 ABŞ dolları faiz, 88,33 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 907,54 ABŞ dolları borcu hesablanmış, cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları ekspertə təqdim edilmədiyindən, kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxlərin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 1495,93 ABŞ dolları cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehlərdən 40 ABŞ dolları cərimə növündə dəbbə pulu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə ekspert tərəfindən aparılmış tədqiqatla kredit müqaviləsi üzrə müəyyən olunmuş əsas borc hissəsində rəyə tənqidi yanaşaraq, həmin hissədə ekspertin gəldiyi nəticəni qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və 2 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, 648,70 ABŞ dolları əsas, 25,06 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 88,33 ABŞ dolları faiz olmaqla, cəmi 802,09 ABŞ dolları məbləğində borc və ödənilmiş 60,64 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlundan müştərək qaydada tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlundan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 340008365 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və 2 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, 648,70 ABŞ dolları əsas, 25,06 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 88,33 ABŞ dolları faiz olmaqla, cəmi 802,09 (səkkiz yüz iki ABŞ dolları doqquz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc və ödənilmiş 60,64 (altmış manat altmış dörd qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlundan müştərək qaydada tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahimxəlil oğlundan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar