Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-522/2025 14.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat” İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat” İdarəsinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2769,69 manat dəyərində maddi ziyan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Şamaxı şəhəri, Heydər Əliyev prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində Cavabdeh, sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda idarə etdiyi “DAEWO” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomaşınla idarə etməni itirərək idarənin balansında olan 1 ədəd A tipli işıqfora çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqforun dirəyi istismara yararsız vəziyyətə düşməklə idarəyə 2769.69 (iki min yeddi yüz altımış doqquz) manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra Cavabdeh barəsində İXM-nin 334.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(074)605/2024 saylı qərarı ilə Cavabdeh təqsirli bilənək 800 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirindən idarəyə 2769.69 (iki min yeddi yüz altımış doqquz) manat dəyərində maddi ziyan dəymişdir. Həmin məbləğin ödənilməsi cavabdehden tələb edilsə də, hər hansı bir nəticə əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Cavabdeh 2769.69 (iki min yeddi yüz altırmış doqquz) manat dəyərində maddi ziyan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-605/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat” İdarəsinin 06 noyabr 2024-cü il tarixli aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Şamaxı şəhəri, Heydər Əliyev prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində Cavabdeh, sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş halda idarə etdiyi “DAEWO” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomaşınla idarə etməni itirərək idarənin balansında olan 1 ədəd A tipli işıqfora çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqforun dirəyi istismara yararsız vəziyyətə düşməklə idarəyə 2769.69 (iki min yeddi yüz altımış doqquz) manat dəyərində maddi ziyan dəymişdir. 1 ədəd A tipli işıqfor dirəyi x 2308,08 = 2308,08 manat; nəqliyyat və digər xərclər 20 % = 461,61 manat, cəmi 2769,69 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin arayışının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılıb, Cavabdeh məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə 2769,69 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 47,70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2769,69 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat” İdarəsinə ödənilsin. Cavabdeh 47.70 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-522/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-522/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver