Məhkəmə qərarları › İş №e-2(074)-538/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-538/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-538/2023 06.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4984,23 manat əsas, 845,27 manat faiz, 419,47 manat cərimə olmaqla, cəmi 6248,97 manat məbləğində borcun və 83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, bank borcluya 82 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-dən 82 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit götürmüşdür. Lakin, işləmədiyi üçün və maddi imkanı olmadığından, ödənişləri gecikdirmişdir. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsinə etiraz etmir. Bank tərəfindən hesablanmış cərimə borcuna güzəşt olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı müraciətində işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank borcluya 82 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4984,23 manat əsas, 845,27 manat faiz, 419,47 manat cərimə olmaqla, cəmi 6248,97 manat borcu vardır. İş materiallarında olan kredit müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və bağlanmış müqavilənin ləğv edilməsi üçün 3 gün ərzində banka yaxınlaşması, əks halda həmin müddət keçdikdən sonra, müqavilənin ləğv edilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, bank borcluya 82 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4984,23 manat əsas, 845,27 manat faiz, 419,47 manat cərimə olmaqla, cəmi 6248,97 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi və müqavilənin ləğv olunması barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxlərin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 419,47 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 80 manat cərimə növündə dəbbə pulu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4984,23 manat əsas, 845,27 manat faiz, 80 manat cərimə olmaqla, cəmi 5909,5 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,1 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4984,23 manat əsas, 845,27 manat faiz, 80 manat cərimə olmaqla, cəmi 5909,5 (beş min doqquz yüz doqquz manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,1 (yetmiş doqquz manat on qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar