Məhkəmə qərarları › İş №e-2(074)-551/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-551/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-551/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Zamin2dan, Zamin1dan və Cavabdeh 21 Avqust 2019- cu il tarixli, AXFS-1604_KM P saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1581,25 manat, faiz borcuna görə 1,24 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1582,49 manat məbləğində pulun və 35,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC -nin Ağsu filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 21 Avqust 2019-cu il tarixli, AXFS-1604_KM P saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir)faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2149,7 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit –müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 21 Avqust 2019-cu il tarixdə İddiaçı ASC-nin Ağsu filialı ilə digər cavabdeb(lər) Zamin2, Zamin1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 21 Avqust 2019-cu il tarixli AXFS-1604_KM P saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 21 Avqust 2019-cu il tarixli AXFS-1604_KM P saylı kredit müqaviləsinin şərtlərinə girə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2149,7 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı zaminlik müqaviləsindən görünür ki, Zamin2 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklərə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı zaminlik müqaviləsindən görünür ki, Zamin1 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklərə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.12.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh "Rabitəbank” ASC-yə olan borcunu 3 iş günü müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli bildirişdən görünür ki, Zamin1 "Rabitəbank” ASC-yə olan borcunu 3 iş günü müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli bildirişdən görünür ki, Zamin2 «Rabitəbank” ASC-yə olan borcunu 3 iş günü müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 23.12.2021-ci il tarixli RB02/PK-10386 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 21.08.2019-cu il tarixli, AXFS-1604_KMP saylı kredit müqaviləsi üzrə 22.12.2021-ci il tarixə «Rabitəbank” ASC-yə 1581,25 manat əsas, 1,24 manat faiz, 0 manat cərimə, cəmi 1582,49 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin və cərimənin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehlər Zamin2 və Zamin1nın mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Zamin2 və Zamin1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdürlər. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Zamin2 və Zamin1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 1581,25 manat əsas, 1,24 manat faiz, cəmi 1582,49 manat məbləğində borc tutularaq İddiaçı ASCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 35,83 manat dövlət rüsumu da cavabdehlərdəndən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1dan 21.08.2019-cu il tarixli, AXFS- 1604_KMP nömrəli kredit müqaviləsi üzrə 1581,25 manat əsas, 1,24 manat faiz, cəmi 1582,49 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,83 manat pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar