Məhkəmə qərarları › İş №e-2(074)-552/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-552/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-552/2024 05.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc“ tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsinə əsasən 1469,91 manat əsas, 63,92 manat faiz, cəmi 1533,83 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas, 39,70 manat faiz, cəmi 139,70 manat borcun və ödənilmiş 36,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 22,8 faiz dərəcəsi ilə 1531 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit müqaviləsinə əsasən ona 100 manat məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımlı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 35 ay müddətinə illik 22,8 faiz dərəcəsi ilə 1531 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 100 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2024/104/4119 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsinə əsasən 1469,91 manat əsas, 63,92 manat faiz, cəmi 1533,83 manat, xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas, 39,70 manat faiz, cəmi 139,70 manat borcu vardır. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsinə əsasən 1469,91 manat əsas, 63,92 manat faiz, cəmi 1533,83 manat, xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas, 39,70 manat faiz, cəmi 139,70 manat borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 846.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit borcunun ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan ona xx.xx.2024-cü il tarixli bildiriş göndərilməklə tərəflər arasında kredit müqaviləsi həmin tarixdən məhkəmədən kənar ləğv edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqaviləyə əsasən 17,33 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsi üzrə 1469,91 manat əsas, 63,92 manat faiz borcu, cəmi 1533,83 manat, xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqavilə üzrə 100 manat əsas, 17,33 manat faiz borcu olmaqla, cəmi 117,33 manat borc pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36,74 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTZK1802130B299 saylı kredit müqaviləsinə əsasən 1469,91 manat əsas, 63,92 manat faiz borcu olmaqla, cəmi 1533,83 manat pul, xx.xx.2023-cü il tarixli, BRCB0676234B299 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas, 17,33 manat faiz borcu olmaqla, cəmi 117,33 manat pul, ümumilikdə 1651,16 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,74 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar