Məhkəmə qərarları › İş №e-2(074)-681/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-681/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-681/2023 31.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********12 nömrəli, xx.xx.2020-ci il tarixli tam kredit çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3817,31 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 3817,32 manat məbləğində kredit borcunun, ödənilmiş 58,18 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Osmanov Təbiyət Laçın oğlu arasında bağlanmış BPM**********12 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Osmanov Təbiyət Laçın oğluna 42 ay müddətinə illik 19 faiz olmaqla 4700 (dörd min yeddi yüz) manat məbləğində nağd kredit verilmişdir. X3 Laçın oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 306 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Osmanov Təbiyət Laçın oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli, V-08/2021 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-940 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Osmanov Təbiyət Laçın oğlunun BPM**********12 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3817.31 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 3,817.32 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Osmanov Təbiyət Laçın oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək və yazılı ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsində olan borc məbləği ilə razıdır. Lakin həmin məbləği bötöv şəkildə ödəməyə maddi imkanı çatmır. Buna görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********12 nömrəli kredit müqavilədən görünür ki, Osmanov Təbiyət Laçın oğluna "xxxx" ASC tərəfindən 42 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 4700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Osmanov Təbiyət Laçın oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsi üzrə borcu 3817,31 manat faiz borcu isə 0,01 manat təşkil edir. İş materiallarında olan AZ-İİ № 114438 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Osmanov Təbiyət Laçın oğlu xx.xx.2020-ci ildə “kəskin respirator çatışmamazlığı” nəticəsində Şamaxı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş Osmanov Təbiyət Laçın oğlu vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Osmanov Təbiyət Laçın oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 4700 manat kredit verilmişdir. Lakin, Osmanov Təbiyət Laçın oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Osmanov Təbiyət Laçın oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Osmanov Təbiyət Laçın oğlu öldükdən sonra onun hazırki iş üzrə Cavabdeh miras qoyanın yeganə vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Osmanov Təbiyət Laçın oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - “Hyundai Sonata” minik markalı “**-SM-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakların dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (3817,32 manat) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Osmanov Təbiyət Laçın oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, 3817,31 manat əsas 0,01 manat faiz borcu olmaqla ümumilikdə 3817,32 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 58,18 manat manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3817,31 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 3817,32 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,18 manat və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar