Məhkəmə qərarları › İş №e-2(074)-715/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-715/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-715/2022 10.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" MM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh2 və Cavabdeh1 borcun məbləği 1104,66 manat əsas, faiz borcu üzrə 0 manat faiz, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1104,66 manat həmçinin, ödənilmiş 31,04 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaijan" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən ona illik 23.42 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1000 (min dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 53 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh1 aid hissədə icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MM QBKT-nın nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********3693 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" MM QBKT-dən illik 23.42 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1000 (min dollar) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair sazişdən görünür ki, kredit müqaviləsi üzrə borcun məbləği 1490 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1490 manat təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********3693 saylı müqavilədən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********3693 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" MM QBKT-yə 1104,66 manat əsas, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1104,66 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İ №874941 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kreditin ödənilməmiş qalan hissəsini tələb etməkdə haqlıdır. . Odur ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 1104,66 manat əsas, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1104,66 manat pul tutulub iddiaçı "xxxx" MM QBKT-na ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 31,04 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1104,66 manat əsas, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1104,66 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31,04 manat pul alınaraq "xxxx" MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar