Məhkəmə qərarları › İş №e-2(074)-838/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-838/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-838/2023 02.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1397,22 ABŞ dolları əsas, 1353,92 ABŞ dolları faiz, 3759,11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 199,50 ABŞ dolları faiz, cəmi 6709,75 ABŞ dolları və iş üzrə ödənilmiş 124,22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “Dəmir Bank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış ********* nömrəli 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ********* nömrəli 18 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 18 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 10 mart 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 6350 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 5702,36 ABŞ dolları təşkil edir. Kreditin müddəti 10 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 18 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 21 iyul 2017-ci il tarixli 2 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7317,67 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4140,72 ABŞ dolları əsas borc, 2563,14 ABŞ dolları faiz borcu və 613,81 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 15 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********835 saylı xx.xx.2023-cü il və **********584 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, o, banka olan əsas borcu aylıq hissələrə bölünərsə ödəyə bilər. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 110006927/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən Cavabdeh1 "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı 5702,36 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti 10 ay uzadılaraq xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 01 nömrəli Zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 110006927/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən Cavabdeh1 "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14140,72 ABŞ dolları əsas, 2563,14 ABŞ dolları faiz və 613,81 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödəməlidir. Kreditin ödənilmə müddəti uzadılaraq xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 02 nömrəli Zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 110006927/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 1397.22 ABŞ dolları əsas, 1353.92 ABŞ dolları faiz, 3759.11 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 199.50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6709.75 ABŞ dolları borcu vardır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)- 3194/17 saylı qərarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan **********584 saylı xx.xx.2023-cü il tarixli və **********835 saylı xx.xx.2023-cü il tarixli və bildirişlərin surətlərindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X1 çıxarışa əsasən, Cavabdeh2 xx.xx.2021-ci ildə tarixdə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e- 2(074)-838/2023 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işi üzrə Cavabdeh2 vəfat etdiyindən mülki işin ona aid hissədə icraatına xitam verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsini vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı bank müqavilə üzrə kreditə hesablanmış faizləri Fərmana əsasən silməli olsa da, bunu etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehdən yalnız müqavilə üzrə əsas borca görə pul tələb edilməli olduğu halda, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 1397,22 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 124,22 manat dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 1397,22 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 124,22 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar