Məhkəmə qərarları › İş №e-2(075)-103/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-103/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-103/2024 14.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5996 (beş min doqquz yüz doxsan altı) manat məbləğində pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci ildə məndən 38000 manat borc almış və borcu xx.xx.2019-cu ildə qaytarmağı öhdəsinə götürmüşdür. Bu öhdəliklər notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Lakin Cavabdeh öhdəlik üzrə 2000 manat ödəmiş, 36000 manatı vaxtında icra etməmiş və mən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 38330 manat (36000 əsas borc, 2000 faiz, 300 hüquqi yardım, 30 dövlət rüsumu) pulun tutulması qət edilmişdir. Məhkəmə 2000 manat faiz borcunu kredit müqaviləsinin bitdiyi vaxtdan (xx.xx.2019) İddiaçı Şəki rayon məhkəməsinə müraciət etdiyi vaxtadək (xx.xx.2020) olan dövr üçün müəyyən etmişdir. Buna baxmayaraq Cavabdeh bu günə kimi məhkəmə qətnaməsini də qismən icra etmiş, 17997 manat ödəmiş, 20633 manat borclu qalmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən ilk ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Yəni İddiaçı Şəki rayon məhkəməsinə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi heç bir ödəniş olmamış, yalnız xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında cəmi 17997 manat ödəniş olmuş və 20633 manat qalıq borc ödənilməmişdir. 36000 manat əsas borca nisbətdə ödənilmiş 17997 manat çıxıldıqda 18003 manat qalıq təşkil edir. Belə olan halda pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən bank uçot dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxtlar üçün faizlər tutulmalıdır. Həmçinin qanunvericiliyə əsasən faizdən faiz ödənilməsi yolverilməz olduğu üçün, faiz məbləği yalnız əsas borca nisbətdə (36000 manat) hesablanmalıdır. Cədvəldə humanistlik göstərilərək Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcələrinin illər üzrə minimum həddi nəzərə alınmışdır. Belə ki, Mərkəzi Bankın internet səhifəsində dərc edilmiş uçot faiz dərəcələrinə əsasən 2020-ci il üzrə ən minimum faiz dərəcəsi 6,25%, 2021-ci il üzrə 7%, 2022-ci il üzrə 7,5% və 2023-cü il üzrə 8,25% müəyyən edilmişdir. Bank uçot dərəcələri hesablanarkən qalıq borclar üzrə hər ilin faiz məbləği aylar və günlərə bölünmüş və hər il üzrə çıxan cəmi məbləğlər toplanılmışdır. Cəmi tələb olunan məbləğ 5996 manat (4462+1534=5996) təşkil etmişdir. Beləliklə Cavabdeh borclu olduğu pulun ödənilməsində gecikdirdiyi vaxtlara görə bank uçot dərəcəsi üzrə hesablanmaqla 5996 manat pul tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdehməhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı məhkəməyə 16 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədiq edilmiş; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, “borc verən” – İddiaçı “borc alan” – Cavabdeh 38000 manat məbləğində borc vermişdir. Şəki Rayon Məhkəməsinin 2 (075)-129/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnamədən görünür ki, Cavabdeh kredit borcu olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra Probasiya şöbəsinin 18 iyul 2023-cü il tarixli, xx/xx-49036/4K nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-129/2021 saylı, 25 yanvar 2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 17997 manat ödənilmiş, hal-hazırda 20633 manat borc qalmaqdadır. Borc tələbi üzrə pul vəsaitinin alınması haqqında qəbzlərin surətlərindən görünür ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin 2 (075)-129/2021 saylı, 25 yanvar 2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 17997 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq 36000 manat xx.xx.2021-xx.xx.2023-cü illər üçün bank uçot dərəcəsi üzrə faizlərin məbləği 5597,51 manat və ümumi yekun məbləğ isə 41.597,51 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/4442 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən ödənilmiş ödənişlər nəzərə alınmaqla 21 avqust 2023-cü il tarixinə Cavabdeh Məəmməd oğlunun İddiaçı olan borcu 21 avqust 2023-cü il tarixə əsas borcu üzrə 18.003 manat, faiz borcu üzrə 4.274,34 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçının iddiası ilə Şəki Rayon Məhkəməsinin 2 (075)-129/2021 saylı, 25 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə borca görə kredit borcu olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmiş, lakin cavabdeh tərəfindən həmin vəsaitin yalnız 17997 manatı ödənilmişdir. Şərh edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini, yəni iddiaçıya olan borcunu vaxtında ödəməməsi, daha sonra isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitlərini ödəməməklə iddiaçıya maddi ziyan vurmuş və onun bu hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/4442 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh Məəmməd oğlunun İddiaçı olan borcu 21 avqust 2023-cü il tarixə əsas borcu üzrə 18.003 manat, faiz borcu üzrə 4.274,34 manat təşkil edir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində də göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4.274,34 (dörd min iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu –3) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.274,34 (dörd min iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu –3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar