Məhkəmə qərarları › İş №e-2(075)-1039/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1039/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1039/2024 23.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qəhraman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Qəhraman oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 18 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü qızı X5 dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1128/2022 nomrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, qızı onun yanında qalmış və yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat aliment məbləğinin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qızı 4-cü yaşdadır. Şəki rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 140 manat aliment məbləği bir uşağın saxlanılması üçün kifayət etmir, tələbatlarını ödəmir, uşağın saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir və maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, alimentin miqdarının artırılması tələbi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdr. Lakin 20 fevarl 2024-cü ildə keçirilmiş mediasiya sessiyasında aralarında heç bir razılaşma əldə edilmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 18 fevral 2021-ci il təvəllüdlü X1 üçün tutulmuş aliment məbləği artırılaraq 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, cavabdeh hazırda işlədiyi yerdən əlavə yerdə də işləyib tələb olunan aliment məbləğini ödəməsi mümkün olduğunu bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qəhraman oğlu izahat verib, iddianı qismən qəbul edərək göstərdi ki, o, İddiaçı ilə xx.xx.2020-ci ildə ailə qurmuş və Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrlərdə 18 fevral 2021-ci ildə qızı Banu anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədəyindən münasibətləri pozulmuş, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş, birgə nikahlarından anadan olmuş uşağı anasının yanında saxlanmış, uşağın saxlanması üçün ondan 140 manat aliment tutulması qət olunmuşdur. O, təyin olunmuş alimenti tam və vaxtında ödəmişdir. Hazırda iddiaçı tələb olunun aliment məbləği ilə razılaşmamışdır. "xxxx" ASC-də işləmiş və ayda 360 manat məbləğində əmək haqqı almışdır. Yaşlı xəstə atası və anası ilə birlikdə yaşamaqla onların maddi ehtiyacları da onun tərəfindən ödənilmişdir. Ailənin tək qazanc gətirəni odur. Birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 170 manat aliment ödəyə biləcəyini düşünür. Göstərilənlərin nəzərə alınaraq qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini uşağa 170 manat həcmində aliment tutulması həddində qəbul etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddia tələbinin qəbul edildiyi həddi nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 419876 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Qəhraman oğlu ilə X4 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha xx.xx.2022-ci ildə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 121 № ilə qeyd edilmişdir. Kişiyə Bəşirov, qadına Dadaşova soyadı verilmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 572600 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 18 fevral 2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Qəhraman oğlu, anası Bəşirova (Dadaşova) Elmira Aslan qızıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2023-00244 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh Qəhraman oğlu ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya xərci olan 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1128/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qəhraman oğlundan hər 140 manat məbləğində alimentin tutularaq, 18 fevral 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Qəhraman oğlu xx.xx.2020-ci ildə ailə qurmuş və Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 fevral 2021-ci ildə Banu adlı qızları anadan olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşağın anası İddiaçı yanında qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 140 manat alimentin Cavabdeh Qəhraman oğlundan alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Təyin edilmiş aliment məbləği uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1128/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Hazırda iddiaçı uşağın saxlanması üçün aldığı məbləğdə alımentin yetərli olmadığını, uşağın böyüdüyünü, cavabdehin qazancının tələb etdiyi məbləğdə aliment verməyə imkan verdiyini belə olmadığı təqdirdə ikinci iş yeri də tapıb işləməli olduğunu iddia etmiş, cavabdeh isə iddianı tam qəbul etməyərək, əvvəllər keçirilən tədbirlərə səsgücləndirici daşıyıb 15 manat əlavə qazanc əldə etmək imkanı da həmin yerin öz səsgücləndiricilərdən istifadə etməsi səbəbindən kəsilmişdir. Həmçinin hazırda işlədiyi mühafizəçi vəzifəsi bütün gün müddətində xidmətdə olmasını tələb etdiyindən evdə olduğu müddətdə yatıb istirahət etməsini zərurət etmişdir. Ona görə başqa yerdə işləmək imkanından məhrum etmişdir. Eyni zamanda da ata və anası ilə birlikdə yaşadıqlarını, ailənin tək qazanc gətirəni olduğunu, valideynlərinin kənar qulluğa ehtiyaclarının olduğunu, ailəsini dolandırmaq və aliment verməkdə çətinlik çəkdiyini, imkanı olduğu təqdirdə özü könüllü olaraq uşağına bütün köməkliklər etməyə hazır olduğunu, lakin hazırki vaxtda vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə qeyd edir ki, hazırda ödənilən aliment məbləğinin uşağın saxlanması üçün kifayət edici olması reallığı əks etdirmir. Lakin qanunun tələbinə görə uşağın saxlanması hər iki valideynin borcudur. İddiaçının heç bir yerdə işləməməsi, böyüməkdə olan uşağının təlabatının daim artması alimentin məbləğinin artırılma istiqamətinə əsas verir. Bu baxımdam məhkəmə alimentin miqdarının 140 manat həddində qalmasını ədalətli hesab edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İddiaçı məhkəmədə iddia qaldırılması ilə Şəki 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat pul təqdim olunmuş sənədlərlə təsdiqini tapdığından miqdarı dəyişdirilmiş alimentin dəyişmiş hissəsinə uyğun həddə tərəfə aid edilməlidir. Cavabdeh Qəhraman oğlundan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları yekunlaşdıraraq məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdehin qazancının və sair gəlirlərinin müəyyən edilməsinin mümkün olmamasını, bu barədə hər hansı sübutu tərəflərin məhkəməyə təqdim etməmələrini və uşaqların mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün cavabdehdən alınaraq iddiaçıya bir uşağın saxlanması üçün verilən alimentin məbləği artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qəhraman oğlundan alınaraq 18 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022ci il tarixli qətnaməsi ilə verilən alimentin miqdarı artırılaraq sabit pul məbləğində hər ay 180 manat müəyyən edilsin. Şəki 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat pulun 30 manatı Cavabdeh Qəhraman oğlundan tutularaq İddiaçı ödənilsin və 30 manatı isə İddiaçı özünə aid edilsin. Alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh Qəhraman oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar