Məhkəmə qərarları › İş №e-2(075)-1047/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1047/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1047/2024 27.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC borc tələbinə dair kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26% (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 06 fevral 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********31 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat təşkil edir. Bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcu təşkil edir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1047/2024 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 tərəfindən ünvanlanmış etiraz ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı ilə aralarında olan müqavilə 06 fevral 2018-ci ildə rəsimləşdirilmişdir. Müqavilənin müddəti 36 ay nəzərdə tutulmuşdur. Aralarında olan müqavilə münasibətləri 2021-ci ilin fevral ayında bitmişdir. İddiaçı tərəf müqavilənin sonundan 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il nəzərdə tutulmuşdur. Eyni məcəllənin 82-ci maddəsinin birinci yarım bəndinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddiaçı iddia ərizəsinə hesabdan çıxarış əlavə edərək onun tərəfindən 04 mart 2024-cü ildə 10 manat ödəniş edildiyi göstərilmişdir. Onun həmin ödənişdən ümumiyyətlə məlumatı olmamışdır. Əgər onun ödəniş etmək imkanı olsa idi keçən müddət ərzində hər ay ödəniş edər və borcu bağlayardı. Həmin ödənişin edilməsində məqsəd iddiaçı tərəfindən ötürülmüş müddətin axımını bərpa etməkdir. Bu səbəbdən də, məqsədli şəkildə ona qarşı belə bir oyun qurulmuşdur. Bu hal öz-özlüyündə cinayət faktıdır. İş materiallarından mübahisəsiz olaraq göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Yuxarıda yazılanları nəzərə alaraq, iddiadan imtina (iddia tələbinin rədd edilməsi) barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC tərəfindən ünvanlanmış etiraz ərizəsindən görünür ki, o, iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək bildirmişdir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməklə xx.xx.2024cü il tarixdə ödəniş etməklə iddia müddətinin axımı kəsilmişdir. Müddətin kəsilməsi tərəfin iradəvi xarakterli hərəkəti ilə bağlı olmuşdur. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri isə müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması halları dedikdə: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq geniş və aydın şəkildə izah vermişdir. Tərəflərindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müracət edilərkən iddia müddəti ötürülməmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, lakin iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək, mülki işə iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2018-ci il tarixli, 09/1009/DİK saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Əvvəllər borcunu ödəmiş lakin sonradan borcu ödəməyə maddi imkanı olmadığından ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş də özü tərəfindən ödənilməmişdir. Eyni zamanda o kredit müqaviləsi üzrə iddia müddətinin bitdiyini bildirmiş və iddia müddəti tədbiq edilməklə iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh2 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir. xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli 09/1009/DİK saylı kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri NBC Bank ASC-yə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. "xxxx" ASC-nin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 götürdüyü 3656 (üç min altı yüz əlli altı) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcu məbləğində kredit borcu qalmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 hesabına sonuncu dəfə xx.xx.2019-cu il tarixdə kredit üzrə gecikdirilmiş borc ödənilmişdir. "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 hesabına sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 10 manat kredit üzrə gecikdirilmiş borc ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasını xx.xx.2020-ci il tarixli, 2-3(013)- 131/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılmasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 illik 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabehlərdən müştərək qaydada əsas borc üzrə cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit üzrə götürdüyü borcu 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu isə müqavilə üzrə son ödəmə tarixinin xx.xx.2021-ci il tarixi kimi müəyyən edilməsi deməkdir və saziş üzrə müəyyən edilmiş həmin müddət başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə qeyd edilən müqavilə üzrə yaranmış borcun son ödəmə müddətinin bitdiyi vaxtdan üç ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış kredit razılaşmasından irəli gələn iddia müddəti üç il təşkil etdiyindən iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd olunan 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat verilmiş və cavabdeh tərəfindən borc 2021-ci ilin fevral ayının 6-dək qaytarılmalı olmuş, lakin həmin tarixədək qaytarılmamış və iddiaçı bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçı tərəfin iddiasında göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz və məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilmədir. Məhkəmə işin faktiki halları ilə bağlı işdə olan sənədlərə uyğun dəyərləndirmə apararaq qeyd edir ki, hazırki işdə üç illik iddia müddəti keçmişdir. Belə ki, cavabdeh tərəfin etirazının əsası kimi sonuncu ödəniş tarixi kimi 01 mart 2024-cü il tarixini götürsək də, onda belə qənaət hasil olur ki, sonuncu ödəniş iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti (06 fevral 2021-ci il – 06 fevral 2024-cü il tarixdə) ərzində deyil, həmin müddət başa çatdıqdan sonra (01 mart 2024-cü il tarixdə) baş vermişdir. Belə ki, borcun qaytarılması müddəti 06 fevral 2024-cü il tarixdə bitirdi. Ödənişin xx.xx.2024-cü il tarixdə edilməsi nəzərə alınsa həmin ödənişin üç illik müddətin keçməsindən sonra (üç illik müddət 06 fevral 2024-cü il tarixdə bitirdi) edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edə bilməz. Bundan başqa iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu ildə 583.51 manat ödədikdən sonra 4 ildən artıq müddət keçdikdən sonra yəni xx.xx.2024-cü il tarixdə 10 manat ödənişi hansı məqsədlə nə üçün etdiyi müəyyən edilməməklə, ümumiyyətlə ödənişin cavabdeh tərəfindən edilməsi belə məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar