Məhkəmə qərarları › İş №e-2(075)-1050/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1050/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1050/2024 07.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bir azyaşlı uşağım X1 üçün və hər ay bir uşağa ödənilən 170 (bir yüz yetmiş) manat aliment məbləğinin artırılaraq hər ay, bir uşağa 235 (iki yüz otuz beş) manata çatdırılması, azyaşlı uşağın üç yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat, cavabdehin digər gəlirlərində hər ay 200 (iki yüz) manat aliment məbləğinin, mediasiya prosesi ilə bağlı ödədiyi 60 (altmış) manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 02 may 2024-cü il tarixdə elektron ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 aprel 2021-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan onların bir qız övladları anadan olmuş, müəyyən səbəblərə görə Şəki Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(075)- 80/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, bir azyaşlı qız övladı onun himayəsində saxanılmış və bir azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, bir uşaq üçün sabit pulməbləğində 170 manat alimentin tutulması qət edilmişdir. Lakin bugünki bazar qiymətlərinə görə qeyd olunan məbləğ demək olar ki, sıfır dərəcəsindədir. Həmin 170 (bir yüz yetmiş) manat aliment məbləği ilə o bir azyaşlı uşağa baxmaqda və onun əksər tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh Şəki şəhərində fəaliyyət göstərən Avrora şirkətində “mal qəbul edici” vəzifəsində çalışır və cavabdehin özünün deməsinə görə hər ay onun əmək haqqı kartına 445 manat köçürülür. Hətta deyilən 445 manat yalnız karta ödənilən məbləğdir və əlavə olardaq paket şəklində 450 (dörd yüzəlli) manat əlavə ödənilir. Bundan başqa cavabdeh təsərrüfatla da məşğul olur. Təsərrüfatında çox böyük findıq bağları, alça sahələri vardır. Bundan başqa 15 ədəd iri buynuzlu, 41 ədəd xırda buynuzlu malqaraları (qoyun quzuları), toyuq-cücə, hind toyuqları vardır. Cavabdeh demək olar ki, əksər işləri ona həvalə etmişdir, yumurta, süd məhsulları və meyvə satışlarını şəxsən o təşkil edirdi. Bir sözlə cavabdehin aliment ödəməsi üçün kifayət qədər imkanı vardır. Lakin heyvanların alqı-satqısı ilə cavabdeh şəxsən özü məşğul olurdu və ümumilikdə yalnız təsərrüfatdan olan qazancları 2500-3000 manat civarında olurdu. Cavabdehin bir belə imkanları olmasına baxmayaraq bir azyaşlı övladına əlavə olaraq heç bir yardım göstərməmişdir. Cavabdeh yalnız bir uşaq üçün verdiyi 170 (bir yüz yetmiş) manat aliment məbləği ilə kifayətlənir və düşünür ki, həmin məbləğlə bir azyaşlı uşağın bu günki tələbatlarını ödəmək mümkündür. Hətta o, təxminən 2024-cü ilin fevralayında alimentin artırılması tələbi ilə bağlı ediasiyaya müraciət edəcəyini xəbərdarlıq etmişdir və Cavabdeh alimentlə bağlı şikayət etməməyini, onun yüksək əmək haqqı aldığını, təsərrüfatdan yaxşı qazanc götürdüyünü və özü hər ay 200 (iki yüz) manat mənə əlavə pul ödəyəcəyini söz versə də, bu günə kimi bir manatda olsa ödəməmişdir. Ona görə də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. O, 315 manat məbləğində əmək haqqı alır. Məhkəmə qərarı ilə təyin edilmiş 170 manat məbləğində alimenti hər ay ödəyir. Lakin iddiaçının hal-hazırda tələb etdiyi aliment məbləği olduqca çoxdur. Odur ki, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-80/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə Şəki regional “ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 213 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 25 yanvar 2022-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 25 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 170 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. 28 fevral 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00273 nömrəli X3 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 X3 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-80/2023 saylı, 01 mart 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 25 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın “azyaşlı uşağın üç yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat, cavabdehin digər gəlirlərində hər ay 200 (iki yüz) manat aliment məbləğinni tutlması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün AM-nin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Göründüyü kimi yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvadın bir-birindən aliment tələb etməsinin əsası kimi digər tərəfin zəruri vəsaitə malik olması şərti qoyulmuşdur. Lakin, iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması, həmçinin digər gəlirlərinin olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan X3 çəkilən 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar