Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1052/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Əsgərova Leyla Əli qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 21 avqust 2019-cu il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 652.4 (altı yüz əlli iki manat qırx qəpik) manat əsas, 2.25 (iki manat iyirmi beş qəpik) manat faiz olmaqla, cəmi 654.65 (altı yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Əsgərova Leyla Əli qızı arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, BPM**********75 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1520 manat məbləğində kredit verilmişdir. X1 Əli qızı 05 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4358 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Əsgərova Leyla Əli qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 07 yanvar 2024-cü il tarixli maliyyə arayışa əsasən, Əsgərova Leyla Əli qızınınvəfat etdiyi tarixə Banka ödənilməmiş 652.4 (altı yüz əlli iki manat qırx qəpik) manat əsas, 2.25 (iki manat iyirmi beş qəpik) manat faiz olmaqla, cəmi 654.65 (altı yüz əlli dörd manat altmış beş qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Əsgərova Leyla Əli qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əsgərova Leyla Əli qızı arasında bağlanmış BPM**********75 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1520 manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Əsgərova Leyla Əli qızı götürdüyü 1520 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Əsgərova Leyla Əli qızının 21 avqust 2019-cu il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 652.4 (altı yüz əlli iki manat qırx qəpik) manat əsas, 2.25 (iki manat iyirmi beş qəpik) manat faiz olmaqla, cəmi 654.65 (altı yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit borcu var. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əsgərova Leyla Əli qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum Əsgərova Leyla Əli qızının vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4358 nömrəli məktubundan görünür ki, Əsgərova Leyla Əli qızının vərəsəsi Cavabdehdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyinin 21 may 2024-cü il tarixli məktubundan görünür ki, Əsgərova Leyla Əli qızı haqqında nümayəndəlikd heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən Şəki Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli 1756 nömrəli məktubundan görünür ki xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əsgərova Leyla Əli qızının adına vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Şəki Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 1554 nömrəli məktubundan görünür ki, Əsgərova Leyla Əli qızının adına **-RC-*** qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı minik avtomobili qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır. Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Şəki Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2706/2024 nömrəli məktubdan və ona əlavə olunmuş torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Əsgərova Leyla Əli qızının adına paylı mülkiyyətdə Şəki rayonu Orta Zəyzid kəndində JN-891 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.79 ha əkin torpaq sahəsi mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Əsgərova Leyla Əli qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1520 manat məbləğində nağd kredit verilmişdir. Lakin, Əsgərova Leyla Əli qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Əsgərova Leyla Əli qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Əsgərova Leyla Əli qızı öldükdən sonra ondan miras qalmış əmlakları – Əsgərova Leyla Əli qızının adına paylı mülkiyyətdə Şəki rayonu Orta Zəyzid kəndində JN- 891 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.79 ha əkin torpaq sahəsi və **-RC-*** qeydiyyat nişanlı Volkswagen Jetta markalı minik avtomobil olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Qərarın nəticə hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə almaması onun mərhumdan miras qalmış əmlakdan imtina etməsi nəticəsini özündə əks etdirmir. Belə ki, mərhum Əsgərova Leyla Əli qızının ölümündən sonra ondan qalmış miras əmlakları - paylı mülkiyyətdə Şəki rayonu Orta Zəyzid kəndində JN-891 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.79 ha əkin torpaq sahəsi və **-RC-*** qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı minik avtomobili miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etməməsi, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Əsgərova Leyla Əli qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, 21 avqust 2019-cu il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsi üzrə 652.4 (altı yüz əlli iki manat qırx qəpik) manat əsas, 2.25 (iki manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 654.65 (altı yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 21 avqust 2019-cu il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsi üzrə 652.4 (altı yüz əlli iki manat qırx qəpik) manat əsas, 2.25 (iki manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 654.65 (altı yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1052/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1052/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver