Məhkəmə qərarları › İş №e-2(075)-1057/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1057/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1057/2024 23.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-02289 saylı barışıq sazişi ilə müəyyən edilən 180 manat aliment məbləğinin artırılması, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan xx.xx.2021-ci il tarixdə Uğur adlı övladları olmuşdur. Aralarında olan nikah Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Məhkəməyə müraciət etməzdən əvvəl aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə MŞŞ/MT-018/2023-02289 saylı barışıq sazişi bağlanmışdır. 2.2. Barışıq sazişinin şərtlərinə əsasən 12 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay 180 (bir yüz səksən) manat olmaqla sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ona ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Aradan 5 aydan artıq müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşağın ehtiyaclarını qarşılamağa imkan vermir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2024-cü il tarixdə MŞŞ/MT018/2024-00242 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən tutulacaq alimentin miqdarının artırılması və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması qərarına gəlmişdir. İddia ərizəsinə qarşı etiraz: İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, onunla iddiaçı arasında aliment barədə saziş mövcuddur. Həmin maddədən göründüyü kimi aliment barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı qeyd etdikləri barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı hazırda diş texniki kimi çalışır və aylıq gəliri 2000 manata yaxındır. Göründüyü kimi iddiaçının maddi vəziyyətində yaxşıya doğru dəyişiklik olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda razılaşdırılmış 180 manat aliment cavabdeh tərəfindən ona ödənilir. Lakin müəyyən gecikmələr var. Əvvəl işləyirdi, lakin avqust ayından işdən çıxmışdır. Onu heşyerdə işləməyə qoymurlar. İşlədiyi yer barədə şikayət edirlər. Bu səbəbdən də işdən çıxmışdır. Mediasiyada qaynatası demişdir ki, alimenti o ödəyəcək, əvvəlki dövrlərə görə aliment istəməsin. Uşağın gözündə problem var deyə xərclər çoxdur. Astmaya meyilli uşaqdır. Bütün sənədlər hamısı cavabdehdə qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(075)-298/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2022-ci il tarixdə Şəki Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 839 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 oktyabr 2023-cü il tarixli barışıq sazişinə əsəsən tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 12 dekabr 2021-ci il təvəllüdlü X3 anası X2 himayəsində və yanında saxlanılmasına, 12 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 manat məbləğdə alimentin hər növbəti ayın birinci beş günlüyündə Cavabdeh alınaraq İddiaçı ödənilməsinin razılaşdırılmasının nəzərə alınması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00242 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.13 və 8.14-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, tərəflər arasında imzalanmış barışıq sazişi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və onun tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına, uşağın gözündə narahatçılıq olması və astmaya meyilli olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə onun xeyrinə sabit pul məbləğində 180 manat aliment ödənilməsi razılaşdırılmışdır ki, həmin məbləğ 2024-cü il üçün məhkəmələr tərəfindən təyin edilən aliment məbləğinə uyğun olmaqla ədalətlidir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən sonra artırılmasına əsas təşkil etməməkdədir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, uşağın səhhətində problemlərin yaranması, onun sağlamlığı üçün əlavə xərclərin tələb edilməsi ilə əlaqədar, cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə, iddia tələbinin “uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsində ümumi uşaqların doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan, ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla ərdən arvada alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin gəlirləri barədə heç bir sübut təqdim etməmişdir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə uyğunluq təşkil etmir. Qeyd edilənlərə əsasən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar