Məhkəmə qərarları › İş №e-2(075)-1061/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1061/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1061/2022 20.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdeh1 Niyazi oğlunun iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2573.42 manat məbləğində kredit bоrcu, 27.27 manat məbləğində faiz bоrcu və 1173.49 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3774.18 (üç min yeddi yüz yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 57.75 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı QSC məhkəməyə 18 iyul 2022-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2577.99 (ikimin beş yüz yetmiş yeddi) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4.57 manat ödəniş etmiş və оnun iddiaçıya 2573.42 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 456 gün üçün hesablanmış faiz borcu 27.27 manat təşkil edir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, İddiaçı QSC ilə arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 2577.99 manat məbləğində kredit verilmişdir. Lakin maddi imkanı yaxşı olmadığından ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2577.99 manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Əzizov X1 Rafiq Niyazi oğlunun bank qarşısında 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 2577.99 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1173.49 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi ləğv edilməli, 2573.42 manat əsas, 27.27 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 2630.69 manat məbləğində borc və 57.75 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Niyazi oğlundan və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 Niyazi oğlunun arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Niyazi oğlundan və Cavabdeh2 müştərək qaydada 2573.42 manat əsas, 27.27 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 2630.69 manat məbləğində borc və 57.75 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar