Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1070/2024 20.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Mahmudov Şirin İbrahimxəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər uşaq üçün hər ay 235 manat (iki yüz otuz beş) manat olmaqla 470 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 oktyabr 2018-ci il ildə ailə həyatı qurmuşdur. Onunla birgə nikahlarından 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrılmışlar. Şəki Rayon Məhkəməsinin e-2(075)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş uşaqlar onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər ay sabit pul 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkədə hər il üçün inflyasiya ən azı 15-17 % artmaqdadır. Bundan başqa hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat idisə indi yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil edir. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-628/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 20 oktyabr 2018-ci il tarixdə Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 38 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları, 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 10 fevral 2022-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşaqların tələbatının çoxalması və onların tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-628/2022 saylı, 07 iyul 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(075)-628/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh, 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(075)-628/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh, 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1070/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1070/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver