Məhkəmə qərarları › İş №e-2(075)-1073/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1073/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1073/2023 30.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 130 manat alimentin məbləği artırılması, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla cəmin 600 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tаrixli,2(075)-3721/2018 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəli 06 avqust 2018ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayından etibarən cavabdehin gəlirindən tutulmalar başlamış və aliment öhdəliyi icra olunmağa başlamışdır. xx.xx.2018-ci il tarixdə 1680 manat, xx.xx.2019-cu il tarixdə 1877 manat, xx.xx.2019-cu il tarixdə 1877 manat, xx.xx.2019-cu il tarixdə 1147 manat, xx.xx.2019-cu il tarixdə 2637 manat, xx.xx.2019-cu il tarixdə 2928 manat aliment ödənişi onun X16 filialındakı hesabına köçürülmüşdür. Sonradan cavabdeh alimentdən yayınmaq məqsədilə işdən çıxmışdır. 2019-cu ilin iyul ayından 2020-ci ilin mart ayınadək hər ay 300-320 manat civarında alimenti könüllü ödəmişdir. xx.xx.2020-ci il tarixdə 120 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş etmişdir (hesabdan çıxarış əlavə olunur). Cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin yaşayış minimumumdan dəfələrlə çox olduğunu bildirərək, qətnamənin icra üsulunun dəyişdirilməsi məqsədilə həmin aliment məbləğinin yarısının uşaqların gələcək həyatının təminatlı olması naminə onların adına depozitə yatırılması və bu məbləğ üzərində 18 yaşına çatdıqdan sonra sərəncam vermək hüququnun əldə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(075)-97/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərarddan apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(107)-36/2019 saylı qərardadı ilə(ərizəyə əlavə olunur) şikayət təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli 8(075)-97/2019 saylı qərardadı qüvvədə saxlanmışdır. Alimentin ödənilməsində cavabdeh problem yaratdığı üçün alimentin sabit pul məbləğində tutulması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən artıq xeyli müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşaqların ehtiyaclarını qarşılamağa imkan vermir. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə MŞŞ/1/00509 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, 2 (075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 160 maat alimentin mənləğinin artırılması, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 750 manat olmaqla cəmin 1500 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh əvvəllər "xxxx" ASCdə işləyirdi və yüksək əmək haqqı alırdı. Lakin cavabdeh sonradan aliment ödəməmək üçün həmin işdən çıxmış və “Qərbi Kaspi” universitetində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. Cavabdehin maddi imkanı olduqca yaxşıdır. Uşaqları xəstədir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirdi ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)- 1556/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat tutulması qət edilsə də, o hər ay 200 manat məbləğində aliment ödəmişdir. O hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat aliment ödəməyə razıdır. İddia tələbini qalan hissədə qəbul etmir. Alimentin təyin olunması zamanı bütün bunların nəzərə alınmasını və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(075)-1556/2020 saylı qətnaməsindən görünür ki, 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdehdan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh, anaları isə İddiaçıdır. 09 mart 2023-cü il tarixli, MŞŞ/1/00509 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Elektron sistemdən çıxarılmış 17 aprel 2023-cü il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, X7 “Qərbi Kaspi” universitetində müəllim vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 manatdır. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X6 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş; Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FR-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X4 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş; Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X5 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş; Cavabdeh adına “Toyota Prius” minik markalı“Toyota Prius” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X1 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş; Cavabdeh adına “Mercedes E220 CDİ” minik markalı, **-GT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat olmaqla, 380 (üç yüz səksən) manat aliment və ödənilmiş 50 manat ilkin mediasiya sessiyası xərci tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 65.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X2 və 27 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat olmaqla, 380 (üç yüz səksən) manat aliment və ödənilmiş 50 manat ilkin mediasiya sessiyası xərci tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 65.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar