Məhkəmə qərarları › İş №e-2(075)-1095/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1095/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1095/2025 28.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 998.84 (doqquz yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat əsas kredit borcu, 50.4 (əlli manat qırx qəpik) faiz borcu, 100 (yüz) manat cərimə borcu, ümumilikdə 2149.24 (iki min yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, U1-73125-22922 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 27% faiz olmaqla 24 (iyirmi dörd) ay ərzində qaytarılması şərtilə 5 000.00 (beş min)manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 Cavabdeh1 birgə məsuliyyətini müəyyən edən 23 iyun 2023-cü il tarixli BAKU1-73125-22922+BAKU1-73154 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 272.00(iki yüz yetmiş iki) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kreditverən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 06 mart 2025-ci il tarixi üçün Cavabdeh2 Kredit müqaviləsi üzrə 1 998.84manat əsas borc, 50.4 manat faiz borcu və 281.51 manat dəbbə borcu olmaqla, cəmi 2 330.75 manat borcu mövcuddur. İddiaçı xx.xx.2025-ci il tarixində Kredit müqaviləsinə xitam verilməsi və borcun tam şəkildə qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 996-EVQ-0322-23 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik faiz dərəcəsi illik 27 % olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərmişdir. İş materiallarından görünür ki, cavabdehin həmin tarixə 998.84 manat əsas, 50.4 manat faiz və 100 manat cərimə borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 998.84 manat əsas, 50.04 manat faiz borcu tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehlərdən 20 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 30.68 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 998.84 (doqquz yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat əsas, 50.4 (əlli manat qırx qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1068.88 (bir min altmış səkkiz manat səksən səkkiz qəpik) manat borc və 30.68 (otuz manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar