Məhkəmə qərarları › İş №e-2(075)-1102/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1102/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1102/2024 21.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2456.75 manat əsas məbləğ üzrə 413.76 manat faiz və 49.41 manat cərimə olmaqla, cəmi 2919.92 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 49.60 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 23% ödəmək şərtilə 2807 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, Əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2456.75 manat əsas, 413.76 manat faiz və 49.41 manat cərimə olmaqla, cəmi 2919.92 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit və Əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23 %-dək olmaqla, 48 ay müddətinə 2807 manat məbləğinə qədər kredit verməyi, Cavabdeh1 isə verilmiş krediti hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də Cavabdeh1 öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 götürdüyü kredit üzrə zamin durmuşdur. Borcun ödənilməsi barədə cavabdehlərə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı əsas, faiz və cərimə borcunun 3 iş günü müddətində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin Bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 2456.75 manat əsas, 222.58 manat faiz borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2456.75 manat əsas, 222.58 manat faiz borcu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən hesab edir ki, cavabdehlərdən tələb edilən cərimə məbləği borc məbləğinə mütənasib olduğundan həmin hissədə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 47 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2456.75 (iki min dörd yüz əlli altı manat yetmiş beş qəpik) manat əsas məbləğ üzrə, 222.58 (iki yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat faiz və 49.41 (qırx doqquz manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2728.74 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) manat borc və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar