Məhkəmə qərarları › İş №e-2(075)-1138/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1138/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1138/2023 23.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan anadan olmuş uşaqları 23 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay üçün sabit pul məbləğində 330 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 07 iyun 2023-cü il tarixdə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahdan 23 mart 2007-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Sonradan onlar ayrılmış və azyaşlı uşaqları onun yanında saxlanılmışdır. Bundan sonra sonuncu dəfə Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsinə əsasən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq ona verilməsi qərara alınmışdır. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik qazancı yaxşıdır. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq qazancından bir uşaq üçün ona ayda cəmi 140 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağının pal-paltarlarının, təhsilinin, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Bu il üçün yaşayış minimumu bir uşaq üçün 220 manatdır. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. Ona görə də alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(075)-850/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 23 mart 2007-ci il tarixdən anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 mart 2007-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 03 aprel 2023-cü il tarixli, MŞŞ/MT018/2023-00778 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında iştirak etmiş və mediasiya xərci olan 50 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(075)-850/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 23 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar