Məhkəmə qərarları › İş №e-2(075)-1141/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1141/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1141/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı ləğv prosesində olan “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4644.75 ABŞ dolları əsas, 1558.06 ABŞ dolları faiz, 3124.02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 677.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10004.13 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 141.02 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 31 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3, Cavabdeh4 və X2 ilə bank arasında 210008988/ZM nömrəli 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalamn öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 17 aprel 2017-ci il tarixli 01 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 7681.04 ABŞ dolları hasablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1.40 manat məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti 17 aprel 2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********463 saylı, 30 yanvar 2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Şəki Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(075)-1141/2023 saylı qərardadı ilə iddia tələbinin “kredit borcunun Cavabdeh2 tutulması” hissəsi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə, iddia ərizəsinin “4644.75 ABŞ dolları əsas, 1558.06 ABŞ dolları faiz, 3124.02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 677.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10004.13 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 141.02 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi hissəsinə hüquqi qiymət vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 2015-ci ildə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona bank tərəfindən 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin digər cavabdehlərlə də zaminlik müqavilələri bağlanmışdır. 2017-ci ildə isə cavabdehlərlə bank arasında yeni müqavilələr bağlanaraq kreditin qalan məbləği 3 il ərizində tam ödəmək şərti ilə restrukturizasiya edilmişdir. Yeni bağlanmış kredit müqaviləsinin müddəti 17 aprel 2020-ci il tarixdə bitmişdir. Cavabdehlər kredit borcunu qeyd edilən tarixədək ödəməmişlər. Həmin kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsində düşsə də cavabdehlər yeni müqavilə bağlamaq üçün banka müraciət etməmişlər. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 2015-ci ildə “Dəmir Bank" ASC-dən 7000 ABŞ dolları məbləğində kredit almış və digər cavabdehlər həmin kredit üzrə bank qarşısında zamin olmuşlar. 2017-ci ildə yenidən bankla onlar arasında müqavilə bağlanaraq müqavilənin müddəti 2020-ci ilədək uzadılmışdır. Həmin vaxt hansı sənədi imzaladığını bilməmişdir. Bundan başqa hazırkı iddia ərizəsi verilərkən iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 31 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Dəmir Bank" ASC tərəfindən 36 ay müddətinə, illik 24 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 31 mart 2015-ci il tarixli, 210008988/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4 və X2 “Dəmir Bank" ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 17 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin surətindən görünür ki, “Dəmir Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi restrukturizasiya edilmiş və müqavilənin müddəti 17 aprel 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 17 aprel 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişin surətindən görünür ki, “Dəmir Bank" ASC ilə Cavabdeh3, Cavabdeh4 və X2 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 210008988/ZM saylı zamilik müqaviləsinin müddəti 17 aprel 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu 7896.07 manat təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 31 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3, Cavabdeh4 və X2 ilə "Dəmir Bank” ASC arasında 31 mart 2015-ci il tarixli, 210008988/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 17 aprel 2017-ci il tarixli 01 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və kreditin müddəti 17 aprel 2020-ci il tarixədək uzadılmışdır. Lakin cavabdehlər hazırkı vaxtadək banka olan borc məbləğini ödəmədiklərindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdehlər isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Məhkəmə, ilk növbədə iddia tələbinin kredit müqaviləsi üzrə tələb edilən borc məbləğinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh3 və Cavabdeh4 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 31 mart 2015ci il tarixli, 210008988/ZM nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində qeyd edilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh4 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli 01 saylı əlavə sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti 17 aprel 2020-ci il tarixədəkdir. Həmin sazişin 2.3-cü bəndinə əsasən bu əlavə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Göründüyü kimi iddiaçı tərəfindən zaminlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldırılması üçün hətta müqavilənin son müddətini 2020-ci il hesab etsək belə qeyd edilən vaxtdan 3 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etməklə zaminlərə münasibətdə 1 illik iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi Cavabdeh1 iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də iddiaçı "xxxx" ASC kredit borcunun ödənilməsini ondan tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC 31 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və 17 aprel 2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə 1558.06 ABŞ dolları faiz, 3124.02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 677.30 ABŞ dolları faiz borcunu Cavabdeh1dan tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan 7896.07 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi cavabdehə bildiriş göndərilərək yeni kredit müqaviləsinin bağlanması təklf edilməsinə baxmayaraq, cavabdeh yeni müqavilə bağlamaq üçün banka müraciət etməmiş olsa belə, iddiaçı tərəfindən həmin məbləğ, yəni 7896.07 manat məbləğində borc Cavabdeh1 tələb edilə bilər. İddiaçı isə bunun əksinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına zidd olaraq restrukturizasiya edilməli olan 7896.07 manat kredit borcuna yenidən faiz və cərimə hesablayaraq borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etmiş və həmin borcu ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə tələb etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 7896.07 manat məbləğində kredit borcu Cavabdeh1 tutulmalıdır. Bundan başqa məhkəmə, Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdeh1 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 31 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7000 ABŞ dolları məbləğində kredit verilmiş, 17 aprel 2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və kreditin müddəti 17 aprel 2020-ci il tarixədək uzadılmışdır. Bu qayda ilə hesabladıqda isə kredit borcunun ödənilməsini tələb etmək üçün sonuncu tarix 17 aprel 2023-cü il tarix olmuşdur ki, elə həmin tarixdə də, hazırkı iddia ərizəsi məhkəməyə ünvanlanmış və icraata qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 7896.07 manat məbləğində kredit borcu tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 141.02 manat dövlət rüsumunun 65.47 manat hissəsi cavabdehə, 75.55 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7896.07 manat məbləğində kredit borcu və 65.47 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 75.55 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar