Məhkəmə qərarları › İş №e-2(075)-1182/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1182/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1182/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 14 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay üçün 300 manat alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki,o, Cavabdeh ilə 26 may 2001-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 14 yanvar 2006cı il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 02 avqust 2007ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 16 iyun 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 50 manat alimentİN tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin 50 manat aliment məbləği hazırkı tələbatlara görə çox az bir məbləğdir. Belə ki, günü-gündən uşağının tələbatları artır. Uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili ilə bağlı zəruri ehtiyaclar ödənilməlidir. Cavabdeh ikinci evliliyindən 3 uşağı olsa da, cavabdeh maldarlıq fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. Lakin cavabdehin aylıq qazancı barədə dəqiq məlumatı yoxdur. Onun özü mağazada satıcı kimi işləyir və 200 manat əmək haqqı alır. O, uşağının yaxşı oxumasını, keyfiyyətli təhsil almasını istəyir. Qət edilən 50 manat aliment məbləği ilə uşağının maddi təminatlarının ödənilməsi mümkünsüzdür. Odur ki, alimentin artırılmasına ehtiyac yaranmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ilə 26 may 2001-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 14 yanvar 2006-cı il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, nikahları pozularkən onların 14 yanvar 2006-cı il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 16 iyun 2011-ci tarixli qətnaməsi ilə ondan hər ay bir uşaq üçün 50 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ilə aralarında bağlanmış nikahlarının pozulmasından sonra o, yenidən ailə həyatı qurmuş və yeni evlilikdən üç uşağı anadan olmuşdur. O, əvvəllər İİ qrup əlil kimi 130 manat pensiya alsa da, bir ilə yaxındır ki, pensiyanın verilməsi də dayandırılmışdır. Hal-hazırda heç bir qazancı yoxdur. Uşaqlarına atası baxır. İddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında Cavabdeh verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmiş və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 02 avqust 2007-ci il tarixli, 2 (075)-183/2007 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh aralarında bağlanmış 26 may 2001-ci il tarixli, 105 nömrəli nikah pozulmuşdur. İşdə olan Şəki Rayon Məhkəməsinin 16 iyun 2011-ci il tarixli, 2 (075)-813/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 himayəsində olan 14 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İşdə olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh dair qohumluq məlumatlarından görünür ki, Cavabdeh X7 ilə birgə nikahlarından 02 oktyabr 2009-cu il təvəllüdlü X9, 18 mart 2013-cü il təvəllüdlü X10, 05 fevral 2012-ci il təvəllüdlü X5 adlı üç azyaşlı uşağı vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 14 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin iş yeri və qazancı barədə heç bir sübut təqdim edilmədiyindən, cavabdehin özü də məhkəmə iclasında verdiyi izahatında sabit iş yerinin və qazancının olmadığını göstərdiyindən, iddiaçının himayəsində olan 14 yanvar 2006-cı il təvəllüdlü X2 əlavə cavabdehin yeni evlilikdən himayəsində üç azyaşlı uşağının da olması nəzərə alınaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 100 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 14 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 100 manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***- **-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-1182/2022 23 iyun 2022-ci il İddiaçı: İddiaçı (Şəki rayonu, Oraban kəndi) Cavabdeh: Cavabdeh (Şəki rayonu, Oraban kəndi) Cavabdehin vəkili: Vəkil (Şəki Regional Vəkil Bürosu) Şəki Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(075)-1182/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar