Məhkəmə qərarları › İş №e-2(075)-120/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-120/2023

12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-120/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh əməli nəticəsində vurulmuş maddi ziyanın yəni, 7299 (yeddin min iki yüz doxsan doqquz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 100 (bir yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 94 nasxöd) dörd) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh özünə məxsus olan “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək ona məxsus olan “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona məxsus olan avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım Yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlüksizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Şəki rayonu Baş Zəyzid kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 238460 nömrəli akta əsasən buraxılışili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan “Volkwagen Polo” markalı K302CO777 rus qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12299 manat təşkil etmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı ona məxsus minik avtomobilinə 12.299 manat maddi ziyan dəymiş və sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, qalan 7299 manat maddi ziyan isə cavabdeh tərəfindən ona geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan avtomobilə dəymiş ziyanın qalan hissəsini yəni 7299 manat maddi ziyanı ödəməkdən qərəzli olaraq yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri; Cavabdeh hazırki iddiaya etirazından görünür ki, xx.xx.2022-ci il tarixdə özümə məxsus olan “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Polis İdarəsinin Yol Paturul Xidməti Alayının V Tağım Yol patrul xidməti inispektoru X2 və “Azsığorta” şirkəti və ekspert tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş Dövlət Polis İdarəsinin Yol Paturul Xidməti Alayının V Tağım Yol paturul xidməti inispektoru X2 03 avqust 2022-ci il tarixli barəsində İXP ******* nömrəli protokola tərtib edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş və cəriməni ödəmişdir. Hadisə yerində iştirak etmiş “Azsığorta” şirkəti və ekspert “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanlığı hesablamış və məlum olmuşdur ki, “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə 5000 (beş min) manat ziyanlıq dəymiş və sığorta şirkəti tərəfindən qarşılanmışdır. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcimi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan şişirdilmiş rəqəm yazaraq 12.299 (on iki min iki yüz doğsan doqquz) manat hesablamışdır. Hazırda 2015-ci il buraxılışlı olan, “Volkswagen Polo” minik avtomobilinin bu günkü reyal bazar qiyməti 13000 (on üç min) manat təşkil edir. Beləki bir sol qabaq qapı və krlonun əzilməsinə “Azsığorta” şirkəti və ekspert yerində baxış keçirərək canlı şəkildə gördükləri ziyanlığın 5000 (beş min) manat təşkil etdiyini görmüş və zərərkeçmişə ödəmişlər. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi əlavə olaraq 7299 (yeddi min iki yüz doxsan doqquz) manat dəymiş ziyanlıq aktını hardan çıxadıqları və yazmaları qaranlıq məqamın olmasını göstərir. “Volkswagen Polo” minik avtomobilini 12.299 (on iki min iki yüz doğsan doqquz) manata sıfırdan bütün detallarını təzələmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın fakt “Azsığorta” şirkəti və ekspert hadisə yerində dəymiş ziyanlığı canlı görməklə hesablayaraq qarşı tərəfə dəymiş 5000 (beş min) manatı ödəmişdir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta.əsas tutaraq yenidən 7299 (yeddi min iki yüz doğsan doqquz) manat ziyan tələbi ilə məhkəmədə mülkü iddia qaldırmaqları əsasız olduğundan iddia rədd edilməlidir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli aktı əsas tutaraq yenidən 7299 (yeddi min iki yüz doğsan doqquz) manat ziyan tələbi ilə iddiaçının məhkəmədə qaldırdığı iddia əsasız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Cavabdeh ona məxsus olan K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etməmişdir. Yalnız sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Yenidən ekspertiza keçirilməsinə ehtiyac və zərurət yoxdur. Odur ki, iddia tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirdi ki, iddiaçıya avtomobilə vurduğu zərərə görə “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. Həmin məbləğdə pulla avtomobili təmir etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” İXP ******* nömrəli, 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12299 manat təşkil edir. Azərbaycan Respublikası Vəkillər X7 Vəkil Bürosu tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arayışdan görünür ki, İddiaçı Vəkil1 ilə bağladığı xx.xx.2022ci il tarixli, 425 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 100 manat ödəniş etmişdir. AE N seriyalı, 011661 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı ildə istehsal olunmuş “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. 01 aprel 2021-ci il tarixli, ƏN-V 527207 seriya nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, etibar edən X5 buraxılış ili 2006-cı il olan “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X4 etibarnamə ilə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Volkswagen Polo” markalı, K302C0777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10160 manat müəyyən edilir. "xxxx" MMC tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş, ƏEM/F04-044/23 saylı mütəxəssis rəyindən görünür ki, buraxılış ili 2015-ci il olan, boz rəngli, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınacaq ehtiyat hissələrinin və usta xərcinin dəyəri 11.334 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə iclasında müəyyən edildi ki, 03 avqust 2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə İddiaçı məxsus “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı V Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” İXP ******* nömrəli, 03 avqust 2023-cü il tarixli protokolda “Opel Astra (Hibrid)” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən 327.1 halına (hallarına) yol verildiyi və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı ona məxsus olan “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərdən məhkəməyə qədər sığorta hadisəsi kimi “Azsığorta” şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən bundan başqa məhkəməyə qədər olan dövr ərzində heç bir ödəniş edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 7299 (yeddin min iki yüz doxsan doqquz) manat manat məbləğ tələb etməsinə və Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə 12299 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 10160 manat müəyyən edilmişdir. Sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5160 (beş min bir yüz altmış) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 65 (altmış beş) manatı və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5160 (beş min bir yüz altmış) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 65 (altmış beş) manatı və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı tutularaq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu –3) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar