Məhkəmə qərarları › İş №e-2(075)-122/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-122/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-122/2024 28.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7860nkSHEK/13 saylı kredit müqaviləsi üzrə 2332.67 manat əsas borc, 96.54 manat faiz borcu və 5.76 manat cərimə borcu olmaqla, cəmi 2434.97 manat borcun və ödənilmiş 44.75 AZN dövlət rüsumunun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiasına sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış və bununla bağlı bildiriş tərəflərə göndərilmişdir. 18 sentyabr 2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin 18 sentyabr 2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(075)-2032/2023 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7860nkSHEK/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 34% ödəmək şərtilə 3800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı “”Unibank KB” ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7860 nk SHEK/13 saylı kredit müqaviləsi üzrə 2332,67 manat əsas, 96,54 manat faiz və 5,76 manat cərimə olmaqla, cəmi 2434,97 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,75 AZN məbləğində vəsaitin ondan alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC ilə mərhum əri X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7860nkSHEK/13 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün ona 48 ay müddətinə illik 34 faiz ödəmək şərti ilə 3800 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Borc məbləği üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Odur ki, iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7860nkSHEK/13 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X2 48 ay müddətinə illik 34% ödəmək şərtilə 3800 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2013-cü il tarixli 7860nkSHEK/13 nömrəli kredit müqaviləsi üzrə götürdüyü 3800 manat məbləğdə borcunu 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2013-cü il tarixli 7860nkSHEK/13 nömrəli kredit müqaviləsi üzrə 25 iyul 2023-cü il tarixinə "xxxx" X5 Səhmdar Cəmiyyətinə 2332,67 manat əsas, 96,54 manat faiz, 5,76 manat cərimə olmaqla, cəmi 2434,97 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 aprel 2016-cı il tarixli, AZ-İ 805408 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 19 aprel 2016-cı il tarixdə vəfat etməsi, ölüm haqqında aktq qeydləri kitabında 177 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 yanvar 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Şəki şəhəri, X6 prospekti ünvanında yerləşən 0.0098 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 72,1 kv.metr olan qeyri yaşayış binasından ibarətdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı bankla mərhum X3 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. X3 19 aprel 2016-cı il tarixində vəfat etmişdir. Lakin, mərhumun Banka ödənilməmiş kredit borcu qalmışdır. Onun vəfatından sonra miras qalmış əmlaka cavabdehin miras payı müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı olan bank "xxxx" X5 Səhmdar Cəmiyyəti mərhum X1 vərəsəsinə qarşı iddia qaldıraraq cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı bank olan "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə mərhum X3 arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixində illik 34 faiz ödəmək şərti ilə 48 ay müddətinə bağlanmış, mərhum X3 19 aprel 2016-cı il tarixdə vəfat etmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti, yəni icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, 05 yanvar 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. İddiaçı bank isə mərhumun vərəsəsinə qarşı xx.xx.2023-cü il tarixində mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmalı və iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 44.75 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44.75 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar