Məhkəmə qərarları › İş №e-2(075)-125/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-125/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-125/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2, həmçinin Cavabdeh3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 961rstSHEK/19 saylı kredit müqaviləsi üzrə 1044.89 manat borcun və ödənilmiş 30.85 AZN dövlət rüsumunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 961rstSHEK/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1078,26 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Cavabdeh xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum atası Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, 961rstSHEK/19 saylı kredit müqaviləsinə əsasən atasına 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1078,26 AZN məbləğində kredit verilmişdir. Mərhum atası 2019-cu ildə kredit borcundan az məbləğdə ödəniş etmişdir. 2020-ci ilin dekabr ayında atası Mustafayev Qurban Əbil oğlu vəfat etmişdir. Bildirmişdir ki, atasından onlara ev, torpaq və avtomobil miras olaraq qalmışdır. Atasının vəfatından sonra o, kredit borcunun ödənilməsi ilə bağlı banka yaxınlaşmışdır. Mərhum atasının ölümü ilə bağlı banka arayış da vermişdir. Lakin həmin vaxt bank onlara borcun ödənilməsi ilə bağlı heç nə deməmişdir. Ona görə də bu vaxta kimi borcun ödənilməsi gecikdirilmişdir. Vaxtında bilsə, həmin vaxt ödəyərdi. Mərhum atasının banka olan borcunu qəbul edir. Hər ay 5 manat olmaqla, borcunu hissəhissə ödəmək istəyir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X2 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, atasının ölüm haqqında arayışını banka verdikləri vaxt bank borcla bağlı onlara məlumat versəydi, hər ay hissə-hissə ödəyərdilər. Atası 40 il müəllim işləmişdir. Anasına heç bir təqaüd kəsilməmişdir. Mərhum atasının banka olan borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra borclarını hər ay hissə-hissə ödəməyə razıdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 961rstSHEK/19 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Mustafayev Qurban Əbil oğluna 60 ay müddətinə illik 1%-dək olmaq şərtilə 1078,26 AZN məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Mustafayev Qurban Əbil oğlu xx.xx.2019-cu il tarixli 961rstSHEK/19 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 1078,26 manat məbləğdə borcu ona hesablanmış faizlərlə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mustafayev Qurban Əbil oğlunun xx.xx.2019-cu il tarixli 961rstSHEK/19 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X4 Səhmdar Cəmiyyətinə 1044,89 manat əsas borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli, AZ-İİ 135120 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mustafayev Qurban Əbil oğlunun 21 dekabr 2020-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 850 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 13 avqust 2021-ci il tarixli şəhadətnamədən görünür ki, mərhum Mustafayev Qurban Əbil oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Vərəsələrə verilən miras əmlak DƏDRX tərəfindən Mustafayev Qurban Əbil oğluna verilmiş **********2-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 121.6 kv/m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X4 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" KB ASC ilə mərhum Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 961rstSHEK/19 nömrəli kredit müqaviləsind əsasən mərhum Mustafayev Qurban Əbil oğluna 60 ay müddətinə illik 1%-dək olmaq şərtilə 1078,26 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, Mustafayev Qurban Əbil oğlu tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti tərəfindən Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 961rstSHEK/19 nömrəli kredit müqaviləsinə əsasən Mustafayev Qurban Əbil oğluna 60 ay müddətinə illik 1%-dək olmaq şərtilə 1078,26 AZN məbləğində kredit verilmişdir. Mustafayev Qurban Əbil oğlu 21 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Mustafayev Qurban Əbil oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesab edilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras qalan əmlak DƏDRX tərəfindən Mustafayev Qurban Əbil oğluna verilmiş **********2-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 121.6 kv/m olan daşınmaz əmlakdan ibarət olmuşdur. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Mustafayev Qurban Əbil oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququna əsasən üzərilərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də "xxxx" X4 Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, şərh edilənlərə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək iddiaçı "xxxx" KB ASC ilə Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 961rstSHEK/19 saylı kredit müqaviləsi üzrə 1044.89 manat borc və ödənilmiş 30.85 AZN dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Mustafayev Qurban Əbil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 961rstSHEK/19 saylı kredit müqaviləsi üzrə 1044.89 manat borc və ödənilmiş 30.85 AZN dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar