Məhkəmə qərarları › İş №e-2(075)-1316/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1316/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1316/2025 17.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 1008,55 (bir min səkkiz manat əlli beş qəpik) manat əsas kredit borcu, 14,20 (on dörd manat iyirmi qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 310 (üç yüz on) manat, cəmi 1363,75 (bir min üç yüz altmış üç manat yetmiş beş qəpik) manat borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 34 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasının xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 20 dekabr 2019-cu il tarixli 80/1219-096 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 1008,65 (bir min səkkiz manat altmış beş qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə olan hesablamalara görə iddiaçıya 1008,55 (bir min səkkiz manat əlli beş qəpik) manat əsas kredit borcu, 14,20 (on dörd manat iyirmi qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, cəmi 1053,75 (bir min əlli üç manat yetmiş beş qəpik) manat borcu təşkil edir. Cavabdeh1 dəfələrlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında 20 dekabr 2019-cu il tarixli 80/1219-096Z saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 20 dekabr 2019-cu il tarixli 80/1219-096 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2020-cı il tarixdə 6 (altı) manat ümumilikdə 8 (səkkiz) manat ödəniş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə xx.xx.2020cı il tarixdən maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kredit fəaliyyəti ilə məşğuldur. Cavabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. İddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə qeyd etmək istəyir ki, iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. İddia ərizəsinə etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər - İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli 80/1219- 096 saylı Kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış kredit müqaviləsi restruktruzasiya olunmuş, Müqaviləninin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh1 60 ay müddətinə illik 1% faiz hesablanmaqla 1008,65 manat kredititi restruksaziya olunmuşdur. - 20 dekabr 2019-cu il tarixli, 80/1219-096Z saylı zaminlik müqaviləsindən aydın olur ki, Asel Kredit” BOKT MMC ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli, 80/1219- 096 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq Cavabdeh2 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür - Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC-yə 352,44 manat iddia qaldırılan günə vaxtı keçmiş əsas borcu, 14,18 manat vaxtı keçmiş faiz borcu olmaqla cəmi 366,62 manat borcu yaranmışdır. - İddiaçı BOKT MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 20 dekabr 2019-cu il tarixli, 80/1219-096 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 1008,65 manat kredit məbləğini 60 ay müddətinə ödəmək məcburiyyətində qalmışdır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 34 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli, 80/1219- 096 saylı Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmış, Cavabdeh1 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 1008,65 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə digər Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdı. İddiaçı bildirir ki, kedit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 hesablamalara görə iddiaçıya 1008,55 manat əsas, 14,20 manat faiz borcu, 31 manaat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 310 manat və cəmi 1363,75 manat borcu təşkil edir. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. “Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər” Məhkəmə qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün tələb edilən məbləğə münasibətdə qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021- 2022-2023-2024-cü illər üçün müəyyən edilən faiz məbləğini tələb etsə də, iş materiallarından görünür ki, cavabdehə ünvanlanmış bildirişlərdə yalnız gecikdirilmiş məbləğ tələb edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz, müqavilənin icra müddətinin bitdiyi tarixdən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək hesablanmalıdır. Göründüyü kimi, müqavilənin icra müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək dövr 3 ay 25 gün təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki cavabdeh tərəfindən əsas borcdan aparılmış ödənişlər nəzərə alındıqda Mərkəzi Bankın uçot dərəcəsi əsasında 5 faiz dərəcəsi ilə cavabdehə hesablanmalı olan faiz borcu həmin dövr üçün aşağıdakı kimi müəyyən olunur: 310 * 5 % / 12 x 3 ay = 3.88 manat; 310 * 5 % / 360 x 25 gün = 1.08 manat; Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün cavabdehlərdən cəmi (3.88+1,08=4.96) 4.96 manat faiz borcu tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 30.58 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 1008.55 (bir min səkkiz manat əlli beş qəpik) manat əsas kredit borcu, 14.20 (on dörd manat iyirmi qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023- 2024-ci illər üçün 4.96 (dörd manat doxsan altı) manat, cəmi 1058.71 (bir min üç yüz altmış üç manat yetmiş beş qəpik) manat borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30.58 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 350-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 1008.55 (bir min səkkiz manat əlli beş qəpik) manat əsas kredit borcu, 14.20 (on dörd manat iyirmi qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023- 2024-ci illər üçün 4.96 (dörd manat doxsan altı) manat, cəmi 1058.71 (bir min üç yüz altmış üç manat yetmiş beş qəpik) manat borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30.58 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar