Məhkəmə qərarları › İş №e-2(075)-1342/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1342/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1342/2025 31.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3000 AZN əsas və 301.69 AZN faiz olmaqla, cəmi 3301.69 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 53.42 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh, iddiaçı "xxxx" KB ASC-ə qarşı iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC -nin xx.xx.2021 -ci il tarixli bank xidmətlərinin təqdimedilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə öhdəliklərini guya yerinə yetirməməyi səbəbindən borc yaranmışdır. Onların verdiyi iddia tələbi ilə razılaşmadığı üçün və iş üzrə ətraflı araşdırma tələb edildiyi üçün etiraz ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iş materiallarına əlavə etdiyi bank hesabından çıxarışdan göründüyü kimi, tanımadığı şəxslər. Mübariz adlı şəxs onun istifadəsində olan karta pul ataraq, həmin kartdan pul məxaric etmişdir. Bu barədə dəfələrlə bank əməkdaşlarına bildirmişdir. Məlumat vermək istəyir ki, o bankdan boş kart götürmüşdür. Lakin sonradan onun istəyi olmadan bank tərəfindən ona kredit xətti ayrılmışdır. Həmin xəttin bağlanmasını tələb etdikdə bildirmişdirlər ki, özü vaxtı çatanda bağlanacaqdır. Onun telefonunda heç mobil tətbiq də yoxdur. Kartı da o vaxt götürüb sonra istifadə etmədiyi üçün yandırmışdır. Çıxarışda pul çıxaran şəxs açıq aydın görünür. xx.xx.2024-cü il tarixində 520.20 manat olmaqla iki dəfə, 1938 manat olmaqla cəmi 3000 manata yaxın pulu çıxarmışdılar. İddiaçı Unibank KB ASC-nin ona qarşı borc tələbi üzrə iddia tələbinin iddia icraatı qaydasında araşdırılması barədə qərar çıxarılmasını, Unibank KB ASC-nin ona qarşı borc tələbi üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddianı müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh, xx.xx.2022-ci il tarixli ərizə anket imzalamaqla təsdiq olunmuş “Ümumi Oferta”nın şərtlərini (Leobank kart məhsulu üzrə) qəbul etməklə ona xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 27.6 % olmaqla iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. İş materiallarına əlavə edilmiş 21 yanvar 2025-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh ərizə-anket imzalamaqla təsdiq olunmuş “Ümumi Oferta” (Leobank kart məhsulu üzrə) kredit müqaviləsi üzrə "xxxx" X2 Səhmdar Cəmiyyətinə 3000 manat əsas, 301,69 manat faiz borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat əsas və 301.69 manat faiz borcu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiklərinə münasibətdə isə bildirir ki, cavabdeh həmin halları sübut edəcək hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 53,42 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat əsas və 301.69 (üç yüz bir manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 3301.69 (üç min üç yüz bir manat altmış doqquz qəpik) manat borc və 53.42 (əlli üç manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar