Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1366/2024 25.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Həsənova Cavahir Allahyar qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 noyabr 2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1952.47 (min doqquz yüz əlli iki manat qırx yeddi qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1952.48 (min doqquz yüz əlli iki manat qırx səkkiz qəpik) məbləğində kredit borcunun, ödənilmiş 39.52 (otuz doqquz manat əlli iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Həsənova Cavahir Allahyar qızı arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, ilik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2180 manat məbləğində nəğd kredit verilmişdir. X10 Allahyar qızı 15 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 12 dekabr 2023-cü il tarixli, 4983 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Həsənova Cavahir Allahyar qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 04 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, Həsənova Cavahir Allahyar qızının vəfat etdiyi tarixə banka ödənilməmiş 1952.47 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 1952.48 (bir min doqquz yüz əlli iki manat 48 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum Həsənova Cavahir Allahyar qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, yoldaşı onun xəstəliyinin müalicəsi üçün "xxxx" ASC-nin “Şəki” filialı aralarında bağlanmış 02 noyabr 2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Şəki rayonu, Vərəzət kəndində yerləşən 0.8 ha və 0.86 ha torpaq sahələri onun və yoldaşı mərhum Həsənova Cavahir Allahyar qızının mülkiyyətlərində olmuşdur. Yoldaşı vəfat etdikdən sonra, həmin torpaq sahələrindən özü istifadə edir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Həsənova Cavahir Allahyar qızı arasında bağlanmış BPM**********06 nömrəli, 02 noyabr 2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2180 (iki min bir yüz səksən) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Həsənova Cavahir Allahyar qızı götürdüyü 2180 (iki min bir yüz səksən) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası DİN-in BPMQİ-nin MAPS şöbəsuinin 06 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Həsənova Cavahir Allahyar qızının ölümü 04 aprel 2023-cü il tarixdə qeydiyyata alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum X1 vərəsəsi Cavabdeh ünvanlanmış 21 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, Həsənova Cavahir Allahyar qızının vərsəsi Cavabdehdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 12 saylı Şəki Ərazi İdarəsinin X2 adına əmlakın olubolmaması barədə 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X2 adına paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Vərəzət kəndində JN-0143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.86 ha əkin, JN-081F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.08 ha həyətyanı torpaq sahələrinin olduğu aşkar edilmişdir. JN:081F nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 aprel 2002-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.8 ha torpaq sahəsi Şəki rayonu, Vərəzət kənd sakinləri Cavabdeh və Həsənova Cavahir Allahyar qızının mülkiyyətlərinə verilmişdir. JN:143 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 fevral 2002-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.86 ha torpaq sahəsi Şəki rayonu, Vərəzət kənd sakinləri Cavabdeh və Həsənova Cavahir Allahyar qızının mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 may 2024-cü il tarixli məktubundan görünür ki, Həsənova Cavahir Allahyar qızının adına vərəsəlik işi açılmamış, ancaq onun vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyinin 21 may 2024-cü il tarixli, 369 nömrəli arayışdan görünür ki, Həsənova Cavahir Allahyar qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun mal qarası olmayıb. 0.43 ha pay torpağı və 0.04 ha həyətyanı torpağı vardır. Vəfat etdikdən sonra onun Cavabdeh, X5, X3, X4 və X6 adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının mərhum C.A.Həsənovaya təyin edilmiş sosial müqavinət ödənişi barədə 03 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Həsənova Cavahir Allahyar qızının xx.xx.2023-cü il tarixində vəfat etməsi səbəbi ilə yaşa görə 220,00 manat məbləğində sosial müavinət ödənişi Azərbaycan Respublikasının "Sosial müavinətlər haqqında" Qanununun 11.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Mərhum C.A.Həsənovaya sosial müavinət üzrə ödənilməmiş məbləğ 117,86 manat təşkil edir. Əlavə olaraq C.A.Həsənova əmək pensiyası alan şəxs kimi qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Həsənova Cavahir Allahyar qızının vəfatı ilə əlaqədar qalıq sosial müavinətinin ödənilməsinə dair onun vərəsəsi kimi Cavabdeh Fonda müraciəti daxil olmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 22 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Şəki rayonu, Vərəzət kəndində yaşamış, mərhum Həsənova Cavahir Allahyar qızının adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Cavabdeh adına vərəsə olaraq heç bir avtonəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Həsənova Cavahir Allahyar qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 48 ay müddətinə illik 28 faiz olmaqla 2180 (iki min bir yüz səksən) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Həsənova Cavahir Allahyar qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həsənova Cavahir Allahyar qızı 15 fevral 2023-cü il tarixdə ölmüşdür. Həsənova Cavahir Allahyar qızı öldükdən sonra adına vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyinin arayışından da görünür ki, Cavahir Həsənovanın ölümündən sonra ondan Şəki rayonu, Vərəzət kəndində yerləşən əri Cavabdeh ilə birgə mülkiyyətdə olan 0.8 ha torpaq sahəsinin 0.4 ha hissəsi və Şəki rayonu, Vərəzət kəndində yerləşən birgə mülkiyyətdə olan 0.86 ha torpaq sahəsi üzrə 0,43 ha hissəsi miras qalmışdır. X9 Allahyar qızından miras qalmış əmlaklara dair vərəsəlik işi açılmasına baxmayaraq, onun vərəsəsinə vərəsəliyə dair şəhadətnamə verilməsə də, həmin torpaq sahələrinin mərhumun əri Cavabdeh tərəfindən qəbul edilərək idarə olunması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Qərarın nəticə hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə almaması onun mərhumdan miras qalmış əmlakdan imtina etməsi nəticəsini özündə əks etdirmir. Belə ki, mərhum Həsənova Cavahir Allahyar qızının ölümündən sonra ondan qalmış miras əmlakları - Şəki rayonu, Vərəzət kəndində yerləşən əri Cavabdeh ilə birgə mülkiyyətdə olan 0.8 ha torpaq sahəsinin 0.4 ha hissəsi və Şəki rayonu, Vərəzət kəndində yerləşən birgə mülkiyyətdə olan 0.86 ha torpaq sahəsi üzrə 0,43 ha hissəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etməməsi, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Həsənova Cavahir Allahyar qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını faktiki olaraq qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, 02 noyabr 2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə 1952.47 (min doqquz yüz əlli iki manat qırx yeddi qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1952.48 (min doqquz yüz əlli iki manat qırx səkkiz qəpik) məbləğində kredit borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39.52 (otuz doqquz manat əlli iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 02 noyabr 2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1952.47 (min doqquz yüz əlli iki manat qırx yeddi qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1952.48 (min doqquz yüz əlli iki manat qırx səkkiz qəpik) məbləğində kredit borcu, ödənilmiş 39.52 (otuz doqquz manat əlli iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1366/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1366/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver